• 24 Fevral 2024
logo
İrəvan yeni sülh təklifini elan etdi – Bakı ən ideal yolu açıqladı

İrəvan yeni sülh təklifini elan etdi – Bakı ən ideal yolu açıqladı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransı çərçivəsində xarici jurnalistlərin suallarını cavablandırıb.
H.Hacıyevin verdiyi cavablar bir neçə istiqamətdə olsa da, daha çox mövcud Ermənistan-Azərbaycan sülh prosesi və ABŞ, Qərbin buna müdaxiləsinə həsr edilmişdi.
Misal üçün H.Hacıyev deyib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib”.
Prinsip etibarilə Bakı sülhün əleyhinə deyil. Əksinə H.Hacıyevin dediyi kimi, sülh təklifini məhz Azərbaycan edib. Rəsmi Bakı Qarabağı işğaldan azad edib, yeni status-kvo yaranıb.
H.Hacıyev deyib ki, sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Bu onu deməyə əsas verir ki, Azərbaycan sülhün əldə edilməsini istəyir. Xüsusilə ortada bir sülh sənədi var ikən bu, mümkündür. Tərəflər bir müddətdir sülh sənədini müəyyən düzəlişlərlə bir-birinə göndərir. Son olaraq rəsmi İrəvan sülh sazişi üzrə altıncı təkliflər paketini Bakıya təqdim etdiyini açıqlayıb.
Əslində, hazırda danışıqlar masasında sülh sənədinin olması barışığa inamı artırır. Lakin burada əsas problemli məqam Ermənistanı sülhdən yayındıran ABŞ və Qərbdir. H.Hacıyevin dediyi kimi, Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqtonda yox, regiondadır.
Azərbaycanın məsələyə yanaşması açıq-aydındır. Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Qafqaz problemi kimi görür və buna görə də həlli üçün regional platformanı təklif edir. Prezident İlham Əliyevin təklif etdiyi “Tiflis platforması” bu baxımdan ən idealıdır.
Vaşinqton, Brüssel platformaları rəsmi Bakını qane etmir. Bundan başqa, adıçəkilən platformalar problemi həll etmək iqtidarında deyil. H.Hacıyevin vurğuladığı kimi, Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər normallaşa bilər.

Müəllif: Politoloq Turan Rzayev