• 22 Sentyabr 2020
logo
Musa Quliyev: İcbari tibbi sığorta və digər ödənişləri bir il müddətinə təxirə salmaq məqsədəuyğundur

Musa Quliyev: İcbari tibbi sığorta və digər ödənişləri bir il müddətinə təxirə salmaq məqsədəuyğundur

Koronavirus pandemiyası getdikcə daha geniş vüsət alır və daha çox insan itkisinə səbəb olur. Təəssüf ki, ölkəmiz də bu dünyanı bürüyən qorxulu infeksiyadan kənarda qalmadı. Hər gün dünyada və ölkəmizdə koronavirusun daha çox insana yoluxduğu barədə məlumatlar alırıq. Proqnozlar göstərir ki, koronavirusun yayılması hələ öz pik nöqtəsinə çatmayıb və deməli qarşıda bizi daha ciddi və məsuliyyətli davranış tələb edən günlər və işlər gözləyir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda koronavirusla mübarizə ardıcıl, kompleks, operativ, dünya təcrübəsi nəzərə alınmaqla ən optimal variantlar seçilməklə aparılır:

"Heç şübhəsiz ki, bu mübarizənin ön cərgəsində tibb işçiləri fəaliyyət göstərirlər. Azərbaycan həkimlərinin bu günlərdəki fəaliyyətləri əsl qəhrəmanlıqdır və bu "ağ xalatlı döyüşçülər"lə hər birimiz qürur duyuruq. Məhz cənab Prezident tibb işçilərinin fədakar əməyini yüksək dəyərləndirərək koronavirusla mübarizə dövründə onların əməkhaqlarının 3-5 dəfə artırılması barədə Sərəncam verib. Sevindirici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla uğurla mübarizə aparan ən yaxşı ölkələr sırasına aid edib. İndi yanğını söndürmək zamanıdır! Qalan digər tədbirləri və proqramları daha rahat zamanlara qədər ertələmək olar. Bu mənada mən Baş Nazir Əli Əsədovun icbari tibbi sığortaya keçid vaxtının dəyişilməsi barədə qərarını da dəstəkləyirəm. Reallıq bundan ibarətdir ki, bu vəziyyətdə TƏBİB in bütün kadr potensialı, tibb texnikası və ləvazimatları, dərman təchizatı koronavirusla mübarizəyə səfərbər olunub və faktiki olaraq Qərb və Mərkəz bölgələrdə aprel ayından icbari tibbi sığortaya keçilməsi imkansızdır".

M.Quliyev, həmçinin vurğulayıb ki, "Tibbi Sığorta haqqında" Qanuna dəyişiklik edərək icbari tibbi sığorta fonduna bu ilin aprelindən ödənilməsi nəzərdə tutulan əmək haqqının 4% məbləğində sığorta və digər ödənişləri 1 il müddətinə təxirə salmaq məqsədəuyğundur.