• 23 Sentyabr 2020
logo
Azərbaycan dövləti atdığı addımlarla gələcəkdə pandemik xəstəliklərə qarşı milli fəaliyyət planı təcrübəsi qazanır - Elşad Mirbəşir oğlu

Azərbaycan dövləti atdığı addımlarla gələcəkdə pandemik xəstəliklərə qarşı milli fəaliyyət planı təcrübəsi qazanır - Elşad Mirbəşir oğlu

Azərbaycan dövləti koronavirus pandemiyasının dünyada vurduğu zərərləri ölkəmizdən sovuşdurmaq məqsədilə çoxistiqamətli önləyici tədbirlər həyata keçirməkdədir. Ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün imkanlar səfərbər olunub.

Bunu Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Deputat bildirib ki, bu günə qədər görülmüş işlər vaxtında və düzgün atılmış addımlardır:

"Qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bu mənada Azərbaycan digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı".

Elşad Mirbəşir oğlunun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə iqtisadiyyatını baş verə biləcək neqativ tendensiyalardan qorumaq məqsədilə 1 milyard manat vəsaitin ayrılması indiki məqamda effektiv qabaqlayıcı tədbir kimi qiymətləndirilə bilər. Bunlar ölkəmizin dayanıqlı inkişafı və cəmiyyətimizin rifahının qorunması baxımından çox önəmlidir:

"Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin. Bu baxımdan xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti atdığı bu mütərəqqi addımlarla gələcəkdə pandemik xəstəliklərə qarşı milli fəaliyyət planı formalaşdırmaq üçün böyük təcrübə qazanmış olur. Artıq bu strategiyanın ilkin təməlləri və bəzi zəruri detalları müəyyənləşdirilib".

Politoloq hesab edir ki, ölkə prezidentinin apardığı kompleks xarakterli addımlar yaxın perspektivdə epidemiyalara qarşı preventiv siyasət konsepsiyasının işlənib hazırlanması ilə öz məntiqi töhfəsini verəcək.