• 6 Aprel 2020
logo
Prezident İlham Əliyev: Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər

Prezident İlham Əliyev: Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər

Azərbaycan həkimləri doğrudan da böyük qəhrəmanlıq göstərirlər.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.

Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir".