Növbədənkənar parlament seçkilərindən bir ay ötür. Seçkilərdə gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclər də deputatlığa namizəd oldular. Uğur qazanan da oldu, müəyyən seçki təcrübəsi toplayıb səs qazanmayan da. Hər iki tərəf yeni dönəmin başlanğıcında aktiv fəallıq göstəriblər.
Millət vəkili seçilənlər parlamentdə, seçilməyənlər isə parlamentdən kənarda dövlət və dövlətçiliyimizin, xalqımızın xidmətindədirlər. Seçilən də, seçilməyən də xalqın, millətin xidmətindədirsə, o zaman məğlub olan yoxdur.
Zatən harada, hansı yerdə olmağımızdan asılı olmayaraq bu dövlətə, bu xalqa, ölkəmizin güclənməsinə, inkişafına xidmət etməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur.
Emin Əliyev də ilk dəfə növbədənkənar parlament seçkilərinə qatıldı, uğur qazanmasa da, gücünü sınadı, təcrübə topladı, seçiciləri ilə ünsiyyətdə oldu, özünə çoxlu tərəfdar, dost, rəğbət, sevgi qazandı.
Savadı, yüksək intellektual səviyyəsi, davranışı ilə təmiz, şəffaf bir seçki təbliğatı apardı. Bu proses onun gələcək uğurlarına cığır açdı.
E.Əliyev Avrasiya.net-in bir ay öncə - Seçki dövründə təəssüratları ilə bağlı suallarını cavablandırıb.
- Emin müəllim, 09 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri arxada qaldı. Bu prosesi necə qiymətləndirirsiniz? Ümumi proses sizi qane etdimi?
- Əslində lap əvvəldən başlamaq istəyərdim. Çünki seçki təbliğatı və seçki günü ilə bağlı ayrıca fikir bildirmək mövzuya tam qiymət vermək üçün kifayət etməyəcəkdir. Seçki prosesində iştirak etmək üçün təkanverici amillərlə yanaşı, ciddi təsir edən faktorlar da olmuşdu. Çünki yaxınlarım, qohumlarım və dostlarım mütəmadi olaraq bu prosesdə fəal iştirak etmək üçün mənə təklif və tövsiyyələrini verirdilər. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin gənc kadrlara bir çağırışı oldu. Çağırışda xüsusi olaraq vurğulanırdı ki, potensiallı, intellektual, innovativ gənclər Milli Məclisə keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərdə fəal iştirak etsinlər. Bundan sonra məni sosial şəbəkələrdən tanıyan şəxslər də dəstək yazıları paylaşmağa başladılar. Bütün bu sadalananları nəzərə alaraq qərar verdim ki, seçki prosesində iştirak edim.
Prosesin əvvəlindən dedik ki, biz bu seçkilərdə dostluq şəraitində, mehribancasına, sağlam bir rəqabət aparacağıq. Biz bu prinsipə sona qədər sadiq olduq. Kampaniya dövrü kifayət qədər maraqlı oldu. Həm gərgin, həm də həyəcanlı bir dövr oldu. Çünki eyni zamanda bir çox amilləri nəzərə almaq məcburiyyətində idik. Hava şəraitinin qeyri-sabitliyi, seçicilərin ölkə üzrə geniş areala yayılması, xalqın seçkilərə yetərincə maraq göstərməməsi kimi amillər əlavə çətinliklər yaradırdı. Bu məqamda onu da deyim ki, araşdırmalarımız göstərdi ki, dünyanın qabaqcıl dövlətlərində də insanların seçkilərə marağı xeyli azalmışdır. Düzdür ki, demokratiya ideal sistem deyildir, lakin bəşəriyyət hələ ki, bundan daha yaxşı bir sistem kəşf edə bilməyib. Bütün bunlara baxmayaraq, imkanlarımızdan maksimum istifadə etməyi bacardıq.
Seçki prosesinə qoşularkən dedik ki, biz elə bir seçki kampaniyası aparacağıq ki, 125 saylı seçki dairəsi digər 124 seçki dairəsinə nümunə olsun. Hesab edirəm ki, buna nail olduq. Bir məqamı da qeyd edim: razıyam ki, millət vəkilliyinə namizəd özünün bilik, təcrübə və gələcək planları ilə bağlı iddialılıq nümayiş etdirməlidir. Lakin, namizədlər və ya onların komanda üzvləri bəzən o qədər iddialı çıxışlar edirdilər ki, bunu sadəcə təəssüflə qarşılayaraq yolumuza davam etməli olurduq. Ölkəmizdə təbliğat dövründə seçicilərlə görüşün iki modeli vardır: 1) Dairə seçki komissiyasının əvvəlcədən təsdiq edilmiş qrafik üzrə açıq və qapalı məkanda olan görüşlər; 2) Seçicilərin yaşadıqları məkanlara, evlərə gedərək keçirilən görüşlər. Bu modeli heç kəs icad etməmişdir və heç kəsin müəlliflik hüququna daxil deyildir.
şahidi olurduq ki, seçicilərlə görüş modelləri şəxsiləşdirilirdi və bildirilirdi ki, bunu hansısa namizəd icad etmişdir və digər namizədləri də bu cür addım atmağa təşviq etmişdir. Yəni, belə gülünc iddialar da olurdu (gülür). Təbliğat-təşviqat dövründə öncədən planlaşdırmadığımız bəzi yeni elementləri işə salmalı olduq. Görüşlərimizdə seçicilərlə çox dərdləşməli olurduq və buna görə də görüş çağırışlarımız üçün “#GəlinDərdləşək” həştəqi yaratmışdıq. Və ya başqa bir misal verim: seçicilərlə görüşlərimizdə az qala hər dəfə şahidi olurduq ki, bir çox problemlər böyüdülmədən, elə yerindəcə bir zəngə həll edilə bilərdi, lakin hər hansısa səbəbdən edilməmişdi. Bunu daha qabarıq işıqlandıra bilmək üçün PR komandamız dərhal “#BirZəngə” həştəqi yaratdılar.
Qısacası, mənim üçün yaddaqalan bir dövr oldu. Hesab edirəm ki, bu periodda yaşadıqlarım ömrümün sonuna qədər yaddaşımdan çıxmayacaq. Seçki gününə 2 gün qalmış isə “Bu əllər” reklam çarxını paylaşdıq. Bu reklam çarxımız 125 saylı seçki dairəsi üzrə ilk və tək reklam videoçarxı olmaqla yanaşı bütün Respublika üzrə də ən maraqlı çarxlardan hesab edildi. Bu baxımdan seçki təşviqat və təbliğat dövrünü çox yüksək qiymətləndirmək olar. Bununla bağlı biz xeyli sayda ismarışlar, rəylər aldıq. Ümid edirəm ki, Emin Əliyev millət vəkili seçilməsə də insanlarımızın qəlbində yer almağı bacardı. Mənə daha sonra məlum oldu ki, mənə səs verməyən yerlilərimiz, digər dairələrin seçiciləri belə bizim apardığımız təbliğat kampaniyasını bəyənmiş və təqdir etmişdilər.
Dəfələrlə demişəm, elə indi də fürsətdən istifadə edib deyəcəyəm ki, mənim üçün insanlarımızın sevgisini qazanmaq, nənə-babaların, böyüklərin xeyir-duasını almaq onların səslərini almaqdan çox-çox əhəmiyyətli idi. Biz bunu bacardıq! Seçki prosesində məni qane etməyən məsələlərlə bağlı çox da danışmaq istəməzdim. Amma bir məsələyə diqqəti yönəltmək istərdim. Biz lap əvvəldən bildirmişdik ki, seçki prosesində namizədlər iki qismə ayrılır: seçkidə qalib gələnlər və seçkidə məğlub olanlar. Seçkidə qalib gələnlər seçildikləri vəzifələrdə öz fəaliyyətlərini davam etdirirlər. Lakin məğlub olan namizədlər seçki təbliğatı dövründə iddialı çıxışlar etsələr də, millətə xidmətlə bağlı vədlər yaysalar da seçkinin nəticəsi elan olunan kimi yoxa çıxırlar və öz imkanları çərçivəsində belə millətə və dövlətə fayda nümayiş etdirmirlər.
Bu tendensiyanı bu dəfəki seçkidən sonra belə müşahidə edirik. Öncədən söz vermişdim ki, mən bu qəbildən olan namizədlərdən olmayacağam və hər kəs bunun şahidi olacaqdır. Seçkidən sonra keçən bir aydan çox zaman ərzində mən və mənim komanda dostlarım artıq bir neçə layihə icra edərək həqiqətən də verdiyimiz sözün üstündə olduğumuzu nümayiş etdirdik! Əsas vəzifə deyil, millətini və dövlətini sevən adam hər məqamda xidmət edər! Bizim seçki təbliğatı ilə bağlı planlarımızdan birinin baş tutmamasına görə mən çox təəssüf hissi keçirtmişəm. Bildiyiniz kimi təbliğat dövründə namizədlərin təkbətək və birlikdə debatlarının təşkil edilməsi təklif edilirdi.
Bu təklifə dərhal “biz hazırıq” dedik və bununla qane olmadıq, iki dəfə də açıq şəkildə debat üçün çağırış etdik. Bu modelin tətbiqi gələcək üçün yeni bir başlanğıcın əsasını qoyacaqdı və seçki sistemimiz bir addım da irəliləyəcəkdi. Təəssüf ki, iddialı və ya iddiasız heç bir namizəd cəsarət edə bilmədi. Əvəzində isə “onlayn səsvermə” oyuncaqları ilə başlarını qatdılar.
- Seçki bitib, nəticələri də təsdiqlənib. Hələ də nəyəsə hazırlaşırmışsınız kimi Zəngilan və Qubadlı elektoratı üçün xeyriyyə işləri görürsünüz və onlarla bərabər olursunuz. Niyyətinizi bilmək olar? Amma səmimi!
- Seçki bitib, həyat ki, davam edir (gülür). Bildiyiniz kimi bizim seçki şüarımız “Verdiyim sözü üstündəyəm!” idi. Bu verilən sözlərin 9 fevral ilə bağlı olmadığını, daha çox seçkidən sonrakı dövrə aid olduğunu da dəfələrlə demişdim. Hətta Fevralın 11-də seçkinin nəticələri ilə bağlı yerlilərimizə müraciətimdə onlardan xahiş etmişdim ki, seçki platformamı saxlasınlar. Çünki mən o platformada qeyd edilən vədləri millət vəkili olmadan da, vəzifə sahibi olmadan da yerinə yetirməyə çalışacağam. Bundan başqa kampaniya dövründə görüşdüyümüz insanların problemləri ilə tanış olduqca onların həllinə kömək edəcəyimizin də sözünü vermişdik.
Hal-hazırda bu məsələlərin həlli istiqamətində müsbət irəliləyişlər vardır. Demək ki, istəmək, sevmək və aidiyyəti addımları təmkinlə, ağılla atmaq lazımdır. Nəticə olacaq! O ki, qaldı xeyriyyəçilik məsələlərinə, mən xeyriyyəçi deyiləm. Mən sadəcə millətimin və dövlətimin faydalı, pozitiv bir fərdi olmaq üçün qarşıma çıxan məsələlərə düzgün münasibət göstərərək insanlara xidmət etmək istəyirəm. Mən 37 yaşımadək müxtəlif ölkələrdə kurs və seminarlarda təhsil almışam, Ölkəmizdə müxtəlif işlərdə çalışmışam, həm nəzəri, həm də praktiki biliklər əldə etmişəm. Düşünürəm ki, bu gün mən o bilik, bacarıqları daha geniş spektrda istifadə etməliyəm. Elə seçkilərdə iştirak qərarımın əsas səbəblərindən biri də bu oldu. Bundan sonra da real iş və layihələrlə millətin içərisində olacağam. Hələ qarşıda işlərimiz çoxdur. Bu il qismət olsa İngiltərədə qabaqcıl universitetlərdən birində MBA təhsili almaq üçün müraciət edəcəyəm. Təhsil bizim uğur qazanmağımız üçün əsas şərtlərdəndir. Bir sözlə, yolumuz uzundur!
- Seçki nəticələri açıqlanandan sonra bir çox namizəd etiraz etdiyi halda sizin səsinizi eşitmədik. Nə üçün 11 fevralda məğlub olduğunuzu elan etdiniz və hüquqi mübarizə aparmadınız? Çünki digər namizədlər DSK və MSK qarşısında məsələlər qaldırdı, hətta Apellyasiya və Ali məhkəmələrə şikayətlər edildi. Siz isə heç bir mübarizə nümayiş etdirmədiniz? Bunun səbəbi nə idi?
- Bu məsələdə məni qınayanlar çox oldu. Hətta rəqib namizədlərdən birinin “silahdaş”larından bir neçəsi şəxsi facebook profilimdə mənə etimad edən seçicilərin verdiyi səslərin qorunması üçün məni mübarizə aparmamaqda ittiham etdi (gülür). Bizim seçki kampaniyasını izləyənlər müşahidə etdilər ki, mənim ətrafımda vəkil-vəzir olmadan yerlilərin görüşünə gedirdik. Arxa planda ciddi bir analitik komanda çalışırdı.
Bizim üstünlüyümüz bütün strateji məsələlərdə məsləhətli qərarların verilməsi idi. Buna görə də demək olar ki, seçki prosesində səhv buraxmadıq. Amma bir çoxları xeyli səhv buraxdılar. Seçkilər ümumi işdən daha çox xüsusiləşdi, şəxsiləşdi. İnsanlar və namizədlər xalqın səsi uğrunda mübarizə aparmaq adı altında şəxsi istəklərini təmin etməyə çalışırdılar. Bu açıq aydın müşahidə edilirdi. Bütün bunları da başa düşmək olardı bəlkə də. Lakin mən bir hadisə ilə qarşılaşandan sonra gördüm ki, şəxsi ambisiya və istəklər ümumi maraqlardan, hətta övladdan da daha öndədir. Namizədlərdən birinin qatı tərəfdarlarından birinin qız övladı ağır xəstə idi.
Övladının xəstəliyinə görə Azərbaycan səhiyyəsini ciddi tənqid, hətta əksər hallarda təhqir edirdi. Onu da qeyd edim ki, seçki prosesi artıq çoxdan bitmişdi. Bizim komandada kifayət qədər peşəkar tibb işçiləri var idi. Komanda yoldaşlarımızla məsləhətləşdik ki, həmin xanıma kömək etmək üçün onunla əlaqəyə çıxaq və mümkün olacağı təqdirdə uşağın yanında olaq və müalicəsinə dəstək verək. Həmin xanım isə övladının məsələsini kənara qoyaraq mənlə seçki siyasəti söhbəti etməyə başladı. Dəfələrlə izah etməyə çalışsam da ki, mövzu seçki deyil, mövzu sizin övladınızın sağlamlığıdır, xanım sona qədər övladı ilə bağlı söhbətdən yayındı və məni seçkidən sonrakı dövrdə “mübarizə” aparmamaqda ittiham etdi. Bu söhbət bizi çox sarsıtdı!
Seçki kampaniyasının hər mərhələsi komandamız tərəfindən təhlil edilirdi. Seçki günü təmkinli olmaqla bağlı bütün komanda üzvləri təlimatlandırılmışdı. Emosianal verilmiş qərarlar heç bir zaman müvəffəqiyyət gətirməyib. Müşahidəçi və məşvərətçilərimiz bir çox qanun pozuntularının şahidi oldular. Lakin tapşırıq verilmişdi ki, heç bir məsələ bizimlə razılaşdırılmadan ictimailəşdirilməsin. Aktlaşdırılsın, sənədlər hazırlansın və seçki gününün sonu gözlənilsin. Bizim müşahidələr göstərirdi ki, sosial şəbəkələrə onlarla, yüzlərlə video və foto faktlar qoyulsa da bu bir neçə məntəqədəki çatışmazlıq və pozuntu ilə bağlı idi. Saysız-hesabsız foto-video materialların paylaşılması nəticəsində isə insanların yersiz aqressiyası yaranır və heç kəsə lazım olmayan gərginlik baş verirdi. Həmin gün mən də məntəqələri gəzdim. Müşahidə etdiklərim məni də narahat və məyus edirdi.
Onu da qeyd edim ki, bizim seçki dairəsində nəticələri ləğv edilmiş məntəqələrdə şəxsən özüm olmuşdum və iradlarımı məntəqə sədrlərinə bildirmişdim. Həmin gün isə bəzi namizədlər özlərini keçən əsrin 90-cı illərinin Azərbaycanında hesab edərək dəstələrlə DSK və MSK-ya getməyə qərar verdilər. Bu ən böyük səhv idi. Biz seçki günü müşahidə etdik ki, seçicilərimiz yenə də passivlik nümayiş etdirdilər. Hətta daha sonra biz 125 saylı seçki dairəsində son 3 seçkinin nəticələrini təhlil edərək gördük ki, ən az seçici aktivliyi məhz 2020-ci ilin seçkilərində olmuşdur. Amma seçki bitdikdən sonra namizədlər 125 saylı dairədə seçki aktivliyini təmin etmələri ilə bağlı iddialı çıxışlar edirdilər. Biz olanları sadəcə heyrətlə izləyirdik. Bu namizədlər kampaniya dövründə də yalan danışırdılar, seçki bitəndən sonra da yalan çıxışlar edirdilər. Bunlar, görəsən, millət vəkili olsaydılar nə yalanlar danışacaqdılar? (gülür) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində Milli Məclis seçkilərində 2010-cu ildə 21164 nəfər, 2015-ci ildə 26768 nəfər, 2020-ci ildə isə 16881 nəfər seçici iştirak etmişdir.
Bu rəqəmlər məncə hər şeyi deyir. Seçkilər prosesində elektorat iki qismə ayrılır: qərar vermişlər və qərarsızlar. Millət vəkili seçilmiş İmamverdi İsmayılovun stabil seçiciləri vardır. O ən az səsi-6800 səs məhz 2020-ci il seçkilərində qazanmışdır. Daha sonra MSK-nın müvafiq qərarları ilə 13 məntəqədə nəticələr ləğv edildikdən sonra onun səsləri bir qədər də azalmışdır. İ.İsmayılov 2010-cu ildə 12764, 2015-ci ildə isə 17181 səs qazanmışdır. Onu da deyim ki, həm 2010, həm də 2015-ci il seçkilərində İ.İsmayılovdan sonra ikinci yerdə bu dəfə də namizəd olmuş Qara Məmmədov olmuşdur. O, 2010-cu ildə 2211, 2015-ci ildə isə 3053 səs qazanmışdır. 2020-ci il seçkilərində o ilk üçlüyə düşə bilmədi. Rəqəmlər göstərir ki, İ.İsmayılov öncəki seçkilərdə açıq fərqlə irəlidə olmuşdur. Bizim seçki strategiyamız İ.İsmayılova stabil olaraq səs verən ən azı 10-12 min seçicinin (İmamaverdi İsmayılovun xeyrinə qərar vermişlərin) üzərində səs qazanmaq üçün təxminən 54 minlik seçicinin 25-30 min nəfərini seçkiyə cəlb etməyə cəhd etmək idi.
Nəticədə isə arzu etdiyimizin əksinə olaraq seçici fəallığı daha da azaldı. Məhz bu faktorları da nəzərə alaraq biz seçkidən sonra məğlubiyyətimizi elan etdik. Vaxt itirməyə lüzum yox idi. Çünki düşünürdük ki, nəticə dəyişməyəcək. Və düşündüyümüz kimi də oldu. Müşahidə etdik ki, bəzi namizədlər məğlub olmalarına baxmayaraq öz qalibiyyətlərini elan etdilər. Populizmə nə gərək var idi ki?! Məğlub olmuş namizədlər eyni zamanda cəmiyyətdə lazımsız gərginliklər yaradırdılar. Bizim təhlillər seçki kampaniyasından öncəki dövrdə də, kampaniya dövründə və seçkidən sonrakı dövrdə də paralel olaraq aparılmışdır. Mən yeganə namizədəm ki, səmimi olaraq seçkinin nəticələrini qəbul edərək populizmdən uzaq oldum! Amma bu sahədə yeganə olmaq istəməzdim. Kaş hər bir namizəd məğlubiyyəti qəbul edəcək qədər xalq qarşısında məsuliyyətini dərk edəydi.
- Təşviqat kampaniyası ərzində demişdiniz ki, sizin rəqibiniz İmamverdi İsmayılovdur. Amma nəticədə sizi qabaqlayan tək o olmadı. Nə üçün digərlərini rəqib olaraq görmürdünüz?
- (Gülür). Bu sual kampaniya dövründə baş vermiş bir hadisəni xatırlatdı mənə. Mən portalların birində müsahibə verərək bildirmişdim ki, mənim əsas rəqibim İmamverdi İsmayılovdur. Digər namizədlərin tərəfdarları üstümə hücum çəkərək iddia etdilər ki, mən digər rəqibləri kiçik görürəm. Burada bir məqamı deyim ki, trollardan çox istifadə edildi bizə qarşı. Xoşagəlməz fikirlər səsləndirilirdi və araşdıraraq görürdük ki, bu əsası olmayan profillərdən yazılmış yazılardır. Bu cür yazıları cavabsız qoymaq da olmazdı, cavab vermək də mənasız idi. Yəni, belə çətinliklər tez-tez olurdu açığı. Lakin bu yazılara elə bizə qucaq açmış seçicilər və dostlarımız cavab verirdilər. İndi verdiyiniz suala geri dönək və mən sizə bir sual verim: 5 çağırış seçkilərdə qalib elan edilmiş şəxsmi mənim rəqibim olmalı idi, ya bu seçkilərdə ən azı 3 dəfə iştirak edib məğlub olanlarmı? Ya hələ indi ortalığa çıxmış namizədlərmi?
Mənim rəqibim İ.İsmayılov idi və mən ona qalib gəlmək istəyirdim. Bu prosesdə digər namizədlərlə rəqabət şəraitində idik. O ki, qaldı digər namizədlərin məni qabaqlaması məsələsinə, bu nəticədə heç nəyi dəyişmir. Çünki nəticə etibarilə bir nəfər millət vəkili seçilir, digərləri məğlub olur. Və hər kəsin önündə cəmi beş il olur ki, özlərini xalqa sevdirərək millətə vəkil ola bilsinlər. Mən 2010 və 2015-ci illərdə yüksək səs toplayaraq ikinci yeri tutan Qara Məmmədovu nümunə olaraq göstərdim ki, o bu dəfə demək olar ki, 2 dəfə az səs topladı. 2015-ci il seçkilərində 2568 səs toplayan Əlisahib Hüseynov 2020-ci il seçkilərində cəmi 621 səs qazanmışdır. Bir daha təkrar edirəm, yolumuz uzundur.
Bu başlanğıcdır! Artıq bizi daha çox insan tanıyır, bundan başqa səs verərək etimad etdikləri namizədlərin də şəxsi maraqlar üçün “fəaliyyəti” və ya “fəaliyyətsizliyi” də heç kəsin gözündən yayınmır. Məğlub olduğumuz halda “biz qalib gəldik” deyəriksə demək ki, biz bu prosesdən heç bir nəticə çıxarmamışıq, dərs almamışıq, əksinə təkəbbür və özündənrazılığımız daha çox artıb.
- Uğursuzluğunuzu nədə görürsünüz?
- Mən seçki prosesində məğlub olsam da, bütün prosesə kompleks halda nəzər yetirsək, uğursuz olduğum fikri ilə qəti razı deyiləm. Biz kampaniyanı elə apardıq ki, bütün ölkədə səs salmağı bacardıq. Bundan başqa mən yerlilərimi daha yaxından tanıdım. Bundan sonra onlarla daha da sıx çalışaraq uğurlu layihələr edəcəyik. Mən bu günə qədər də zəngilanlılardan və qubadlılılardan zənglər, mesajlar alıram. Bundan başqa ölkəmizin digər bölgələrindən olan bir çox insan da məni seçki kampaniyası dövründə nümayiş etdirdiyimiz yüksək peşəkarlıq və mədəni performansa görə tanıdıqlarını deyiblər. Bir çox geniş imkanlara sahib faydalı insanlarımız mənimlə yaxından tanış olmaq və birlikdə dövlətə və millətə faydalı işlər görmək üçün görüşmək istədiyini deyiblər.
Seçki dövründə və seçkidən sonrakı dövrdə tərəfimizdən heç bir xoşagəlməz addımlar atılmadı. Təkcə mən yox, eyni zamanda komanda yoldaşlarımız da tam peşəkarlıq nümayiş etdirdilər. Onu da deyim ki, komandamızın peşəkarlığı digər seçki dairəsindən olan namizədlərin də diqqətini çəkmişdi və mənə müraciət edərək bu komandanın xidmətlərindən yararlanmaqla bağlı xahiş etdilər. Bundan başqa onu da deyim ki, biz ölkə başçısının çağırışına uyğun olaraq bu yola çıxmışdıq. Bu çağırışın tələblərinə də uyğun olaraq seçkilərdə iştirak etdik. Fevralın 11-də isə bir bəyənat verdik ki, nəticəsi olmayan boş mövzuların, əsli-əsası olmayan söhbətlərin, qaragüruhçuların içərisində olmadıq və olmayacağıq. Biz 10 milyondan çox əhalinin içərisindən süzülərək seçilmiş 1325 namizəddən biri olaraq məsuliyyətimizi ciddi anlayırdıq. Heç bir halda populizmə getmədik və insanlarda yersiz gərginliyin yaranmasına çalışmadıq.
- Bundan sonrakı fəaliyyətinizi necə qurmaq istəyirsiniz?
Kampaniya ərzində yerlilərimizlə görüşlərdə daim səsləndirdiyim bir fikri indi bir daha təkrarlamaq istəyirəm. 9 fevral bizim üçün nə hansısa bir dövrün başlanğıcı, nə də sonu deyil. Emin Əliyev 9 fevraldan öncə kim idisə, 9 fevraldan sonra da həmin Emin Əliyev olacaq. Bu gün mən həm sahibkarlıq fəaliyyəti ilə məşğulam, həm də eyni zamanda “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədriyəm. Bütün bu fəliyyətlərlə yanaşı “Progress Club” ictimai birliyi ilə sıx əməkdaşlıq edirəm. Bu klubda ölkəmizin intellektual, vətənpərvər insanları cəmlənmişdir və bu platforma üzərindən sayı yüzləri ötən layihələr icra edilmişdir. Artıq “Progress Club”un təşkilatçılığı ilə beş zəngilanlı uşaq müayinə edilərək təmənnasız olaraq burun-boğaz adenoidi əməliyyatı edilmişdir.
Fəaliyyətimin bütün istiqamətlərində durmadan çalışacağam. Məni sevindirən bir məsələni də qeyd edim ki, seçki kampaniyası zamanı mənlə bərabər çalışan komanda yoldaşlarımız bu gün də mənimlə bərabərdir. Onlar da mənimlə bərabər söz verdilər ki, xalqımızın, millətimizin, dövlətimizin inkişafı, güclənməsi naminə bütün səylərini əsirgəməyəcəklər və bu məsələdə biz hər zaman birlikdə addımlayacağıq.
- Növbəti seçkilərdə iştirak etmək fikriniz varmı?
- Bu həmin dövrün şərtlərindən asılı olacaqdır. Hələ qarşıda 5 illik bir zaman vardır. Düşünmək və qərar vermək üçün vaxtımız olacaqdır.
- Açıq danışaq, Zəngilan-Qubadlı seçki dairəsinin standartlarından çox-çox yuxarı səviyyədə bir seçki kampaniyası apardınız. Bunu, inanın, Bakıda əsas rayonlarda görsəydim belə, yenə də heyrət edərdim. Yəqin ki, çox keyfiyyətli komandanız və texniki avadanlıqlarınız var idi. Niyə Bakı dairələrindən birindən namizəd olmadınız?
- Bu barədə mənə tövsiyələr az olmamışdı. Zəngilan mənim üçün əziz bir rayondur. Əslim-nəslim buradandır. Qubadlı da mənim üçün doğma rayondur. Bizim xeyli sayda qohum-əqrabalarımız bu rayondandır. Bu amillər mənim üçün əsas oldu ki, məhz 125 saylı dairədən namizədliyimi irəli sürüm. Bundan başqa namizədlərin bir qismini şəxsən tanıyırdım. Güclü və zəif tərəflərini bilirdim. Hətta namizədlərdən birinin 2005-ci il parlament seçkilərində vəkili olmuşdum. Baxmayaraq ki, mənim o namizədin vəkili olduğumu həmin komandadan olanlar məni aşağılamaq üçün istifadə etməyə çalışdılar. Dedilər ki, bu gün namizəd olmağına baxmayaraq, vaxtilə bizim namizədin vəkili olmusan. Bu adamlara cavab vermədim! 2005-ci ildə mənim 24 yaşım var idi, o vaxtın qanunvericiliyinə görə namizəd ola bilməzdim. Həm də mən bu gün mənim rəqibim olan şəxsi daxildən tanıdığım üçün onunla rəqabətdə olmaq mənə daha asan idi. Yeri gəlmişkən, bizim kampaniyanı bu cür yüksək qiymətləndirdiyinizə görə sizə də təşəkkür edirəm. Mənim komanda yoldaşlarım heç bir zaman ön planda olmadılar və olmağa da çalışmadılar.
Komanda yoldaşlarım arasında Avropanın, Türkiyənin qabaqcıl universitetlərində təhsil alan gənc mütəxəssislər vardır. Proses ərzində tez-tez şahid olurduq ki, digər namizədlərin komanda üzvləri, hətta, inanın, valideynləri belə (gülür) namizədin özündən daha çox ön planda idi. Namizəd isə kölgədə qalmışdı. Bakı şəhərində olan seçki dairələrindən namizədliyimi irəli sürməməyim məsələsinə gəlincə, əlavə olaraq onu deyə bilərəm ki, bundan sonrakı dövrün şərtlərini indidən müəyyən etmək olmaz, gələcəkdə bəlkə də Bakıda yerləşən dairələrdən namizəd oldum (gülür).
- Sonda nə deyə bilərsiniz?
- 9 fevral seçkiləri mənə çox şeyləri öyrətdi. Xalqı tanıtdı. Bu proseslərdə əldə ediyim təcrübə bundan sonrakı fəaliyyətlərimizdə işlərimizi xeyli yüngülləşdirəcək. Və hər kəsin bilməyini istəyirəm ki, mən verdiyim sözün üstündəyəm.