• 18 Sentyabr 2020
logo
Qənirə Paşayeva: İnsanlar koronavirusla mübarizəyə ciddi yanaşmalıdırlar

Qənirə Paşayeva: İnsanlar koronavirusla mübarizəyə ciddi yanaşmalıdırlar

İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdırlar.

Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.

Q.Paşayeva bildirib ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: “Hər birimiz Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.