• 18 Sentyabr 2020
logo
Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır

Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır

BAXCP sədri: “İşğal olunmuş ərazilərin hüquqi statusuna haqqında qanunun qəbul olunmasına böyük ehtiyac var”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edib. Parlamentin yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirə zamanı fikirlərini bölüşən millət vəkili əvvəlcə parlament rəhbərliyini və deputatları seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib: “Eyni zamanda mənə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini kimi mənə etimad göstərmiş hər kəsə dərin minnətdarlığımı bildirirəm. Etimadınızı doğrultmağa çalışacağam”.
Qüdrət Həsənquliyev qeyd edib ki, yaz sessiyasında ciddi qanun layihələri müzakirə ediləcək: “İlk dəfə olaraq, VI çağırış Milli Məclisdə Prezidentin tövsiyəsi ilə azlıqda qalan tərəf də parlament idarəçiliyində təmsil olunur. Hesab edirəm ki, bu siyasi islahatların nəticəsidir və bunun davamı olacaq. Amma mən təklif edirəm ki, qanunvericilik qaydasında azlıqda qalan partiyaların parlament idarəetməsindəki rolu və yeri təsbit olunsun. Bunun üçün təklif edirəm ki, Milli Məclisin komitələri haqqında qanun yenidən qəbul olunsun. Əgər çoxluq buna ehtiyac hiss eləmirsə, o zaman əlavə və dəyişilkliklər edək. Milli Məclisin daxili nizamnaməsini dəyişməliyik, “Deputat statusu haqqında” qanuna yenidən baxmalıyıq.
Yeri gəlmişkən, parlamentin komitələrini yenidən müzakirə etməliyik. Bəzi komitələri birləşdirə, yeni, daha vacib istiqamətlər üzrə yeni komitələr yarada bilərik. Belə komitələrdən biri də Qarabağ komitəsi olmalıdır. Bundan başqa təklif edirəm ki, “İşğal edilmiş ərazilərimizin hüquqi statusu haqqında” qanun qəbul edək. Bizimlə eyni aqibətlə üzləşmiş digər keçmiş sovet republikalarında analoji qanunlar artıq qəbul olunub. İşğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti aparılır, xarici şirkətlər orada fəaliyyət göstərir, sponsorluq edirlər. Ona görə də “İşğal olunmuş ərazilərin hüquqi statusuna haqqında” qanunun qəbul olunmasına böyük ehtiyac var və hesab edirəm ki, bu məsələnin gündəliyə salınması daha doğru olardı. Həmçinin daxili nizamnamədə "Deputat statusu haqqında" qanuna dəyişikliklər edilməldir. Qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanın nümayəndəsinin həmin qanunu Milli Məclisdə təqdim etməsi daha doğru olar və müzakirələr düzgün istiqamətdə gedər. Məsələn, biz “Əmanətlərin tam sığortalanması haqqında” qanunu müzakirə elədik. Bunu Mərkəzi Bankın İdarə Heyəti sədrinin təklif etməsi daha doğru olardı. Hökumətdə bu təşəbbüslə kim çıxış edibsə, layihənin müəllifi kimdirsə, həmin orqan da onu təqdim etməlidir. Müvafiq komitə də öz rəyini açıqlamalıdır, sonra isə müzakirələr davam etməlidir. Cənab Prezident də söyldi ki, komitələrdə bundan sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri dəvət olunacaqlar, onlar hesabat verəcəklər. Düşünürəm ki, bu da qanunvericilik formasında təsbit olunmalıdır ki, qanun çərçivəsində öz həllini tapmış olsun”.
Millət vəkili öz çıxışında “Deputat statusu haqqında” qanunun 10-cu maddəsini xatırlatdı: “Burada qeyd olunur ki, Milli Məclisin üzvü əgər Milli Məclisin iclasında yazılı formada deputat sorğusu verərsə, o ya Milli Məclisin sədri, ya iclasa sədrlik edən şəxs, ya da həmin deputatın özü tərəfindən təqdim olunur. Hörmətli Sahibə xanım, mən sizə əziyyət verməmək üçün ilk deputat sorğumu Milli Məclisdə səsləndirirəm. Bu Respublika Baş Prokuroruna ünvanlanmış deputat sorğusudur”.
BAXCP sədri sorğunun mətnini parlamentarilərin diqqətinə çatdırıb.

Əli