• 22 Yanvar 2021
logo
BŞİH Konstitusiya Məhkəməsinin qarşısında piket keçirilməsi ilə bağlı müraciətə cavab verib

BŞİH Konstitusiya Məhkəməsinin qarşısında piket keçirilməsi ilə bağlı müraciətə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.

Cavabda bildirilib ki, namizədlərin təşəbbüs qrupunun martın 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir:

"Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyəti üzrə müraciət etmək tövsiyə edilir. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik".

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinə martın 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciət edib.