• 25 Aprel 2024
logo
“Milli Məclisin yaz sessiyasında 91 qanun qəbul edilib”

“Milli Məclisin yaz sessiyasında 91 qanun qəbul edilib”

Sahibə Qafarova: “3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında saziş və anlaşma memorandumları imzalanıb”

“Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Mən bu barədə sərəncam imzalamışam və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq”. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının sonuncu iclasında çıxışı zamanı deyib. Spiker əlavə edib ki, Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilib, 91 qanun qəbul edilib: “Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiq olunub.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilib.
Yaz sessiyasının ən önəmli hadisəsi xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclası olub.
Xarici ölkələrin 27 parlament sədrinin və sədr müavininin, 57 parlament üzvünün, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçilərinin iclasda iştirak etməsi, ümumiyyətlə, xarici ölkələrin 228 nümayəndəsinin Bakıya gəlməsi Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin beynəlxalq miqyasda nə qədər yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirib”.
S.Qafarova deyib ki, qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi xarici dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq bəyanatlar da qəbul edib: “Parlamentin səlahiyyət dairəsinə daxil olan təyinat məsələləri həll edilib. Ümumən Milli Məclisin 14 qərarı qəbul olunub.
Yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər də görülüb. Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabat, məruzə və məlumatları dinlənilib.
Hörmətli həmkarlar, yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib. Bu sessiyada, yəni keçən 4 ayda Milli Məclisin 85 deputatı 33 ölkəyə 213 səfər həyata keçirib, üzv olduğumuz beynəlxalq təşkilatların hamısının toplantılarında iştirak və çıxış ediblər.
Millət vəkillərimiz Türkiyədə keçirilən prezident və parlament seçkilərini, habelə Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini müşahidə ediblər.
41 ölkənin və 7 beynəlxalq təşkilatın 67 nümayəndə heyəti, ümumən 343 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclis sədrinin 5 ölkəyə rəsmi və 6 ölkəyə işgüzar səfərləri olub. Milli Məclisdə isə mən 17 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm.
Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib.
3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları da imzalanıb.
Mayın 22-də Azərbaycan parlamenti böyük bir beynəlxalq tədbirə ev sahibliyi edib. Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib. Toplantıda ATƏT-in üzvü olan 27 ölkənin və 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər”.

Əli