• 23 Oktyabr 2024
logo
“Bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”

“Bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”

Qüdrət Həsənquliyev: “Avtomobillərin ehtiyat hissələrini gətirib burada yığan adamlara güzəştlərin nəzərdə tutulması yolverilməzdir”

“Qanun layihəsini təqdim edən Anar Məmmədova diqqətlə qulaq asdım. O, dəyişikliyi yeni iş yerlərinin açılacağlı ilə əsaslandırdı”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki, əlbəttə, bura əlavə də etmək olar: “Tutaq ki, bu addım Azərbaycanda avtomobil sənayesini inkişaf etdirmək məqsədi ilə atılır və s. Amma əvvəlcə ayırd etmək lazımdır ki, Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır. Yəni buna avtomobil istehsalı demək üçün ən azı ehtiyat hissələrinin heç olmasa 30 faizi bu ölkədə istehsal olunmalıdır. Yoxsa, avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır və bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və açıq söyləyirəm, böyük pullar qazanılır. Bu qanunun əslində əsaslandırılması belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazandırmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal onsuz da ildən-ilə artır. Məgər soyuducu, kondisioner, yaxud digər sənaye məhsullarının istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bir sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab etmirəm. Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə, belə güzəştlər nəzərdə tutularsa, bu başadüşülən olar. Mən istəyərdim ki, biz, Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də avtomobil istehsal edək. Ona görə də vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatında istehsal olunan avtomobil, traktor və mexanizmlər istehsal edən bir mərkəzə çevirmək olar. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Amma biz, Neftçalada İranla birlikdə bir müəssisə açdıq. O vaxt da mən söylədim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər və qısa bir müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur. Bəlkə də daha doğru olardı, Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi bu sahədə araşdırma aparsın, ikinci oxunuşda məlumat versin ki, ümumiyyətlə Azərbaycanda sənaye məhsulları istehsal edən, yeni-yəni qanun qüvvəyə minəndən sonra yaradılan bütün müəssisələr, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə tutaq ki, vergilərdən azad olunsunlar. Bu investisiya cəlbinə töhfə vermiş olar və insanlar da vəsaitlərini də xaricə çıxarmaz, ölkəyə yatırarlar. Xarici investorlar da Azərbaycana gələrlər. Ona görə də mən, hesab edirəm ki, avtomobillərin ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bunlar böyük pullar qazanırlar. Bizim də hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var. Ona görə də mən, bunu doğru hesab eləmirəm”.

Əli Zülfüqaroğlu