• 16 İyul 2024
logo
Türkiyə yüksək səviyyədə keçirilmiş seçki ilə dünyaya demokratiya dərsi verdi – Şərh

Türkiyə yüksək səviyyədə keçirilmiş seçki ilə dünyaya demokratiya dərsi verdi – Şərh

Türkiyədə keçirilmiş prezident və parlament seçkilərini bu ölkəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının idarə heyətinin üzvü kimi yaxından izləyirəm. Ankarada əhalinin coşqusunu və Türkiyə Prezidentinə sevgisini yaxından gördüm. İstanbul, Adana, Mersin, Samsun, İzmir, Trabzon və digər şəhərlərdə olarkən da bunun şahidi olmuşam. Bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş prezident və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. Türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi antitürk dairələrin niyyətini puça çıxardı. 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin inamının göstəricisidir. Bu seçkilər nəticəsində qardaş Türkiyə daha da güclənəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Qardaşlığımız Əbədidir QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.

Vurğulayıb ki, bu, Türkiyə əhalisinin sabitliyə, inkişafa verdiyi səsdir. Bütün dünyanın yaxından izlədiyi bu seçkidə türk xalqı qələbə çaldı. Türkiyədə parlament seçkilərində əhalinin böyük çoxluğu Cumhur İttifaqına səs verdi. Türkiyə xalqı Ərdoğanın siyasətini bir daha dəstəklədi. Ona görə dəstəklədi ki, Türkiyə pandemiya dövründə dünyanın az ölkələrindən biri idi ki, bu prosesi böyük zərər görmədən idarə etdi.

Onun sözlərinə görə, eyni zamanda, Türkiyədə meşə yanğınları, sel daşqınları oldu və bunların öhdəsindən layiqincə gəldi. Əsrin ən böyük zəlzələsi qardaş ölkədə oldu. Türkiyə dövləti bütövlükdə prosesi nəzarətə götürdü. Azərbaycan Türkiyəyə yardım edən ilk dövlət oldu. Türkiyə dövləti qısa zamanda zəlzələdən zərər çəkmişləri çadırlarla, yeməklə, geyimlə təmin etdi. 11 şəhərin sakini dağıdıcı zəlzələdən zərər çəkdi. Milyonlarla insan evsiz qaldı. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti bu ağır prosesi idarə etdi. Azərbaycan dövləti bu işdə onun yanında oldu. Prezident İlham Əliyevin tapşırığı ilə bütün dövlət qurumları, xalqımız Türkiyəyə böyük dəstək oldu və qardaş ölkə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldırdı. Türkiyədə hər kəs bunu şahidi oldu və yüksək qiymətləndirdi. Eyni zamanda, Ərdoğanın öz xalqının yanında olduğunu bir daha gördü. Dünyada iqtisadi böhranlar olmasına baxmayaraq, Türkiyədə işçilərin əmək haqqları artırıldı. Beləliklə, Türkiyə əhalisinin böyük əksəriyyəti demokratiya, vətənpərvərlik və iqtisadi inkişafa səs verdi.

İctimai Birliyinin sədri qeyd edib ki, son dövrlər Türkiyə hərbi sahədə də böyük nailiyyətlər əldə edib, öz müdafiə sənayesi potensialını artırıb. Əvvəl Türkiyədə istehsalçılar öz ordusunun 20 faizini silah-sursatla təmin edirdisə, indi bu rəqəm 80 faizə yüksəlib. Bu yaxınlarda bu rəqəm 90 faizədək çatdırılacaq. Türkiyə hava qüvvələri üçün pilotsuz uçuş aparatları və pilotsuz döyüş təyyarələri istehsal edilir. Eyni zamanda, pilotsuz uçuş aparatlarından dünyada ilk dəfə qanadlı raketləri buraxan qardaş ölkə oldu. Türkiyə artıq yerli gəmisini, tankını, helikopterini və avtomobilini istehsal edir. O avtomobillərdən biri ilk olaraq Azərbaycan Prezidentinə hədiyyə edildi. Ölkənin milli iqtisadiyyatının, texnologiyasının inkişafı, Türkiyə Silahlı Qüvvələrinin həm Cənubi Qafqazda, həm Balkanlarda, eyni zamanda Afrikada, Yaxın Şərqdə, Qətərdə nüfuz qazanması, qardaş ölkənin dünya siyasətində rolunun artması, Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi və bir çox sahələrdə əməkdaşlığın yüksək olması Azərbaycan xalqını sevindirir.

“Qardaş Türkiyənin nailiyyətləri Azərbaycanın uğurlarıdır. Ərdoğanın fəaliyyəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf edib. Onun türk dünyası və Azərbaycanla bağlı gördüyü müsbət işlər xalqımızın tərəfindən də yüksək qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin də Türkiyəyə böyük sevgisi var. Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyevin qardaşlığı dövlətlərimizi daha da güclü edir. Yaxın illərdə dünyada və regionda Türkiyə-Azərbaycan qardaşlığı öz sözünü deyəcək”, - deyə Emin Həsənli diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu seçkiləri böyük həvəs və həyəcanla gözləyirdi. Çünki bizim Rəcəb Tayyib Ərdoğana böyük vəfa borcumuz var və bunu heç vaxt unutmayacağıq. Məhz Rəcəb Tayyib Ərdoğan dövlət başçısı olanda 44 günlük Vətən müharibəsi zamanı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini siyasi-mənəvi cəhətdən daim dəstəklədi. İkinci Qarabağ müharibəsi başlayanda Ərdoğan bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı onun dəstəyini heç vaxt unutmayacaq və dövlətimiz də bunu yüksək qiymətləndirir.

Türkiyədə zəlzələ baş verdikdə Azərbaycan vətəndaşları qardaş ölkəyə geyim, qida və maddi dəstək göstərdi. Türkiyədə zəlzələ qurbanlarına dəstək məqsədilə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə təyyarələr, qatarlar, yük avtomobilləri ilə humanitar yardım göndərildi. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti əyani nümayiş idi.