• 8 Dekabr 2024
logo
Elxan Süleymanovdan AŞPA rəhbərliyinə açıq məktub

Elxan Süleymanovdan AŞPA rəhbərliyinə açıq məktub

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin keçmiş üzvü Hörmətlə, Elxan Süleymanov
Avropa Şurasının Baş Katibi xanım Mariya Peyçinoviç Buriçə
Avropa Şurasının Sabiq Baş Katibi Torbyörn Yaqlanda, AŞPA-nın Prezidenti xanım Lilian Mauri Paskyeyə, AŞPA Siyasi Qruplarının Sədrlərinə, AŞPA-ya Üzv Dövlətlərin Milli Parlamentlərinin Sədrlərinə və AŞPA-nın bütün üzvlərinə açıq məktub göndərib. Məktubda deyilir:
-Hörmətli həmkarlar,AŞPA-nın 2019-cu il yay sessiyası zamanı 2287 (2019) saylı “Parlament Assambleyasının mandatlar və səsvermə ilə bağlı qərarverici prosesinin gücləndirilməsi” Qətnaməsi qəbul edildi. Bu qətnamənin ehtiva etdiyi müddəaların vacibliyini nəzərə alaraq, həmin müddəalarla bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edirəm.
Belə ki, qətnamənin 2-ci bəndində Assambleyanın “öz prosedur və mexanizmlərinin ardıcıllığını, müvafiqliyini, effektivliyini və legitimliyini konstruktiv şəkildə təhlil etmək niyyətində” olduğu vurğulanır. Sənəddə həmçinin “Avropa Şurasının fundamental dəyərləri olan demokratiya, hüququn aliliyi və insan hüquqlarını qətiyyətlə dəstəkləmək məqsədilə iş aparatının və prosedurlarının nəzərdən keçirilməsinin” vacib olduğu halda, Assambleyanın “təcrübələrini dəyişməyi və qaydalarına düzəliş etməyi zəruri” hesab edə biləcəyi diqqətə çatdırılır.
Assambleya Avropa Şurası Nazirlər Komitəsinin 17 may 2019-cu ildə Helsinkidə qəbul etdiyi “Avropada demokratik təhlükəsizlik üçün bölüşdürülmüş məsuliyyət – hüquqlar və öhdəliklər, prinsiplər, standartlar və dəyərlərə hörmətin təmin olunması” qərarını xatırladır (bənd 4). Sənəddə eyni zamanda “üzv dövlətin öz hüquqi öhdəliklərini pozduğu və ya Avropa Şurası tərəfindən dəstəklənən fundamental prinsip və dəyərlərə riayət etmədiyi hallarda təşkilatın daha effektiv reaksiya vermək bacarığını möhkəmləndirmək məqsədilə” Parlament Assambleyası, Nazirlər Komitəsi və Baş Katib tərəfindən təşəbbüs göstərilə biləcək birgə reaksiya proseduru hazırlanması ilə bağlı “Parlament Assambleyasının rolu və missiyası: gələcək üçün əsas çağırışlar” adlı 2277 (2019) saylı Qətnamənin və 2153 (2019) saylı Tövsiyənin mümkün qədər tez zamanda işə salınmasının qətiyyətlə dəstəkləndiyi bildirilir.
Qətnamədə üzv dövlətlərin Avropa Şurası Nizamnaməsinə uyğun olaraq təşkilatın məşvərət orqanları olan Parlament Assambleyasında və Nazirlər Komitəsində bərabər əsasla iştirak etmək hüququna və öhdəliyinə malik olduğu qeyd edilir. Bundan əlavə, bütün parlament nümayəndə heyətlərinin Prosedur Qaydaları altında eyni hüquqlardan yararlandığı və bərabər şəkildə hamıya tətbiq olunan prosedurlara müvafiq şəkildə eyni öhdəliklər daşıdığı xatırladılır (bənd 8).
Qətnamədə üzvlərin Assambleyanın və onun orqanlarının fəaliyyətlərində iştirakçılıq və təmsilçilik hüquqlarının Assambleya tərəfindən geri götürülə və ya dayandırıla bilməsinin Assambleyanın Prosedur Qaydalarında yer almadığı bildirilir. Lakin Avropa Şurası daxilində hüquqi uzlaşmanı təmin etmək, o cümlədən üzv dövlətlərin təşkilatın hər iki məşvərət orqanında təmsil olunmaq və iştirak etmək hüququna və öhdəliyinə riayət olunduğunu təmin etmək məqsədilə Prosedur Qaydalarının 10-cu Qaydasını aşağıdakı kimi tamamlamaq qərarı verir: “Mandatların sual altına qoyulması və onlara yenidən baxılması kontekstində üzvlərin Assambleyada və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq hüquqları dayandırıla və ya geri götürülə bilməz” (bənd 10).
Nəhayət, sonda “Assambleya hesab edir ki, substantiv əsaslarla milli nümayəndə heyətinin fərdi üzvlərinin mandatlarının sual altına qoyulması üçün prosedurun təqdim edilməsinə nəzərən Prosedur Qaydalarının tamamlanması məsələsini gələcəkdə nəzərdən keçirməyə dəyər” (bənd 11). Ehtimal etmək olar ki, Assambleya milli nümayəndə heyətlərinin fərdi üzvlərinə mandatların onların təmsil etdiyi milli parlamentlər tərəfindən verildiyini anlayır. Odur ki, fərdi üzvlərin mandatlarının sual altına alınması ilə bağlı məsələnin Prosedur Qaydalarında yer almadığına işarə edərək bu məsələyə gələcəkdə baxılacağını bildirir.
Beləliklə, Avropa Şurasının 70 illiyi qeyd edilən ərəfədə AŞPA-nın mandatlar və səsvermə ilə bağlı qərarverici prosesin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində səylər göstərməsi ilk baxışda çox müsbət bir addım təəssüratı yaradır. Doğrudanmı AŞPA bu qətnaməni qəbul edərkən yalnız “Avropa Şurasının fundamental dəyərləri olan demokratiya, hüququn aliliyi və insan hüquqlarını qətiyyətlə dəstəkləmək məqsədilə iş aparatının və prosedurlarının nəzərdən keçirilməsini” təşkilatın 70 illik yubiley ilində obyektiv zərurət kimi gündəmə gətirib?! Məgər indiyədək Assambleya Avropa Şurasının Nizamnaməsində ehtiva edilmiş dəyərlərə əməl etmirdimi?! Əgər belədirsə, onda bu qurumun üzv ölkələrdə demokratiya, hüququn aliliyi və insan hüquqlarının təmin edilməsi kimi dəyərləri dəstəklədiyi barədə bəyanatlarını və qərarlarını necə dəyərləndirək? AŞPA çərçivəsində indiyədək üzv dövlətlərlə bağlı qəbul edilmiş qərarlar nə dərəcədə təşkilatın bəyan edilmiş dəyərləri ilə uzlaşır və onları obyektiv hesab etmək olarmı?! AŞPA-da üzv ölkələrin bərabər hüquqlara malik olmasına əməl edilirmi, yoxsa onlar ayrıseçkiliyə və qərəzliliyə məruz qalırlarmı? Assambleyanın Prosedur Qaydalarında fərdi üzvlərin mandatlarının sual altına alınması və cəzalandırılması ilə bağlı heç bir müddəa olmadığı halda hansı qondarma əsaslarla AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi Azərbaycanla əməkdaşlıq etmiş fərdi üzvlərin cəzalandırılması barədə qərar qəbul etdi?
Assambleya rəhbərlərinin üzv dövlətlərin nümayəndə heyətlərinin bu qurumda və onun orqanlarının fəaliyyətlərində iştirakçılıq və təmsilçilik hüquqlarının Assambleya tərəfindən geri götürülməsi və ya dayandırılması barədə Avropa Şurası Nizamnaməsində və Assambleyanın Prosedur Qaydalarında hər hansı müddəanın yer almamasından indiyədək xəbəri yox idimi? Onda AŞPA hansı əsaslarla hər hansı bir üzv dövlətə qarşı sanksiyalar tətbiq edir və bu cəhdlərə səy göstərir?
Göründüyü kimi, suallar çoxdur. Lakin bu sualların cavabı yalnız AŞPA-da qərarların qəbul edilməsi praktikasına nəzər saldıqda aydın olur. Həmin praktikaya nəzər saldıqda, yuxarıda qısa şərhini verdiyimiz “Parlament Assambleyasının mandatlar və səsvermə ilə bağlı qərarverici prosesinin gücləndirilməsi” adlı qətnamənin qəbul edilməsinin səbəbləri və onu şərtləndirən amillər tam aydın olur.
Qeyd etməliyəm ki, Azərbaycan uzun illər ərzində AŞPA-da müxtəlif məsələlərlə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalmışdır. Belə ki, mütəmadi olaraq bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülmüş, sənədlər qəbul edilmişdir. Hətta Azərbaycana qarşı təzyiqləri gücləndirmək məqsədilə AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yaranmışdı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edilmişdi. Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunun bariz nümunəsi idi.
Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi AŞPA-nın 2012-ci ilin oktyabr sessiyasında gərgin müzakirələrdən sonra 89 səs lehinə, 89 səs əleyhinə olmaqla prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan qəbul edilmiş sayıldı. Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi isə 2013-cü ilin yanvar sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambleya üzvlərinin böyük əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi.
Anti-Azərbaycan qüvvələr Ştrasserin məruzəsinin qəbul edilməməsindən qəzəblənərək müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışırdılar. Həmin qüvvələr Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair məruzənin hazırlanmasına nail olunmasını, Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsinə dair 2085 (2016) saylı qətnamənin qəbul edilməsinin Azərbaycan hakimiyyətinin AŞPA üzvlərini ələ alması nəticəsində mümkün olduğu barədə fikir formalaşdırmağa başladılar. Azərbaycanın qeyd edilən uğurlarının əldə edilməsində xüsusi aktivlik ilə seçildiyimizə görə mənə (Elxan Süleymanov) və həmkarım Müslüm Məmmədova qarşı korrupsiya ittihamları irəli sürüldü.
Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Sabitlik Təşəbbüsü adlanan QHT tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılması məsələsi gündəliyə gətirildi və Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi. Qeyd edilməlidir ki, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması vasitəsilə Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı.
Doğrudan da, İstintaq Orqanının üzvləri hesabatı hazırlayarkən öz mandatlarını Azərbaycanla məhdudlaşdırmışdılar. Belə ki, İstintaq Orqanının 2018-ci ildə qəbul edilmiş hesabatının yalnız bir səhifəsi (219 səhifədən) digər üzv dövlətlərə, qalan 218 səhifə isə Azərbaycanla bağlı məsələlərə həsr edilmişdi.
Hesabatda heç bir dəlil və sübut göstərilməsə də, 2008-ci ildən 2017-ci ilədək dövr ərzində Azərbaycan üzrə həmməruzəçi və seçki missiyalarının rəhbərləri olmuş AŞPA üzvləri, Azərbaycanla əməkdaşlıq etmiş komitə sədrləri və siyasi qrupların rəhbərləri korrupsiya iddialarında şübhəli bilindilər, onlara qarşı Assambleyanın Davranış Kodeksini pozmaları haqqında iddialar irəli sürüldü və fəaliyyətlərinin dondurulması ilə təhdid edildilər. Hətta AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsi Azərbaycanla əməkdaşlıq etmiş 14 nəfər deputatın Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi barədə qərar qəbul etdi.
Qeyd edilməlidir ki, AŞPA-da bir neçə üzv dövlətlə bağlı vaxtaşırı ayrıseçkiliyə yol verilməsi açıq-aşkar görünürdü. Lakin bu qurum beynəlxalq vəziyyətdə, o cümlədən üzv dövlətlərarası münasibətlərdə heç bir ciddi dəyişiklik olmadan “Parlament Assambleyasının mandatlar və səsvermə ilə bağlı qərarverici prosesinin gücləndirilməsi” adlı qətnamə qəbul edir və həmin qətnamədə bildirir ki, bundan sonra “... üzvlərin Assambleyada və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq hüquqları dayandırıla və ya geri götürülə bilməz”.
Bu qərarı qəbul etməklə AŞPA etiraf etmiş oldu ki, Assambleyada indiyədək qəbul edilmiş qərarlar (ən azı onların böyük əksəriyyəti) heç də Avropa Şurasının dəyərlərinə xidmət etməmiş və onlar qəbul edilərkən bu təşkilatın Nizamnaməsinə əməl edilməmişdir, başqa sözlə, qəbul edilmiş qərarlar korporativ məqsədlərə xidmət etmişdir.
Sual olunur: bu de-fakto etirafın kökündə nə dayanır? Avropa Şurası rəhbərlərinin son 2 il ərzində təşkilatın maliyyə vəziyyəti ilə bağlı fikirlərinə diqqət yetirdikdə aydın olur ki, təşkilat ciddi maliyyə problemi ilə üzləşmişdir. Doğrudan da, Assambleyanın Rusiya Federasiyası nümayəndə heyətinin mandatının ratifikasiya edilməsini ehtiva edən 2292 (2019) saylı Qətnaməsinin 13.2 bəndində “təcili şəkildə Avropa Şurasının büdcəsinə üzvlük haqqının” ödənilməsi barədə çağırış edilməsi xüsusilə diqqəti çəkir. Görünür, hazırda AŞPA-da maliyyə probleminin həlli Assambleya üçün prioritet və daha fundamental məsələyə çevrilmişdir.
Bəs bu prosesləri kim planlaşdırır və kim ona nəzarət edir? Qeyd edilməlidir ki, AŞPA-da korporativ maraqlara xidmət edən bu proseslər qurumun Baş Katibi Voysix Savitskinin adı ilə bağlıdır. Məhz Savitskinin aktiv fəaliyyəti nəticəsində AŞPA-da üzv dövlətlərlə bağlı ayrıseçkilik və qərəzli münasibətlər gündəmdə yer almışdır. Məhz Savitskinin fövqəl səyləri nəticəsində Avropa Şurasının Nizamnaməsinə zidd olaraq Assambleyada korrupsiya iddialarını araşdırmaq üçün Müstəqil Kənar İstintaq Orqanı təsis edilmiş, təşkilatın ciddi maliyyə problemləri ilə üzləşdiyi bir vaxtda bu İstintaq Orqanının fəaliyyətinin təmin edilməsi üçün külli miqdarda pul xərclənmişdir. Məhz Savitskinin tələbləri əsasında heç bir dəlil, sübut olmadan Azərbaycan üzrə həmməruzəçi və seçki nümayəndə heyətlərinin rəhbərləri olmuş, Azərbaycanla bağlı məsələlərdə obyektiv və müstəqil mövqe sərgiləmiş AŞPA üzvləri, təşkilatın Nizamnaməsinə və Prosedur Qaydalarına zidd olmasına baxmayaraq, korrupsiya iddialarında şübhəli bilinərək cəzalandırılmışdır.
Məhz Savitskinin fəaliyyəti nəticəsində AŞPA faktiki olaraq demokratiya, hüququn aliliyi və insan hüquqları kimi ümumAvropa dəyərlərinin deyil, müəyyən bir qrupun maraqlarının təminatçısı olan təsisata çevrilmişdir. Faktiki olaraq hazırda Assambleyanın Sədarət Komitəsi və Bürosu, həmçinin siyasi qruplar Savitski tərəfindən idarə edilir və onlar Savitskinin iradəsindən kənar, müstəqil qərar qəbul etmək iqtidarında deyillər. Ümumilikdə, AŞPA-da yaranmış vəziyyəti “mən varam – qurum var, mən yoxam – qurum yoxdur” kimi xarakterizə etmək olar. Bu vəziyyət Assambleyada 2006-cı ildən Savitski tərəfindən formalaşdırılmağa başlamış və hazırda öz pik səviyyəsinə çatmışdır. Assambleyada 2 ildən sonra Baş Katib postuna seçkilər keçirilməlidir və Savitski artıq bu postu tərk etməli olacaq. Bu səbəbdən onu Assambleyanın gələcəyi qəti şəkildə maraqlandırmır və o, “mən varam – qurum var, mən yoxam – qurum yoxdur” prinsipinə əsaslanan çirkli fəaliyyətini davam etdirir.
Bu gün məhz Savitskinin “parçala və idarə et” prinsipinə əsaslanan fəaliyyəti nəticəsində Assambleyada inamsızlıq və etimadsızlıq mühiti formalaşmışdır. Bunun göstəricisi kimi, Assambleyada 2287 (2019) saylı qətnamə qəbul edildikdən dərhal sonra 7 üzv ölkənin nümayəndə heyətlərinin etiraz əlaməti olaraq Assambleyanı tərk etməsini və öz milli parlamentlərinə Assambleyada fəaliyyətlərinin dayandırılması barədə müraciət ünvanlamalarını göstərmək yerinə düşər.
Savitskinin destruktiv fəaliyyəti nəticəsində Assambleyanın fərdi üzvləri arasında siyasi qruplara etimad itmişdir. Assambleyada Azad Demokratlar Qrupu siyasi fraksiyasının Prosedur Qaydalarının Savitski tərəfindən cari ilin aprel ayında dəyişdirilmiş yeni tələblərinə uyğun üzv toplaya bilməməsi səbəbindən 1 iyul 2019-cu ildən ləğv edilməsi qeyd edilənləri təsdiqləyir.
Bu proseslər artıq üzv dövlətlərin AŞPA-ya inam və etimadını itirdiyini, AŞPA-nın isə faktiki olaraq özünü əhəmiyyətsiz bir quruma çevirməkdə olduğunu sübut edir.