• 23 Oktyabr 2024
logo
“Böyük Qayıdış” uğurla həyata keçirilir

“Böyük Qayıdış” uğurla həyata keçirilir

Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur

Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.
Bunun üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması məqsədilə 5 illik dövrü əhatə edən Tədbirlər Planı əldə ediləcək nailiyyətlərin qiymətləndirilməsi üzrə nəticə indikatorlarının müəyyənləşdirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarətin daha effektiv təşkilini nəzərdə tutur.
Bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı olub. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində ciddi iş aparılır. Bu gün parlamentdə də səsləndiyi kimi, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzrə işlər isə 74 faiz yerinə yetirilib. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsinə nail olunacaq.
Artıq görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Ötən il Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərinin Baş planları Azərbaycan Prezidentinə təqdim olunub, bu şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Həmçinin ötən il Laçın şəhərində, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti tam bərpa olundu. Xüsusən də 2022-ci ildə görülən işlər nəticəsində Şuşa və Laçın şəhərlərindən, Laçın rayonunun Zabux və Sus kəndlərindən, Tərtər rayonunun Talış kəndindən erməni işğalı nəticəsində didərgin düşmüş 1400-dən çox ailənin 2023-cü ildə doğma yurdlarına qayıtması üçün şərait yaradılıb.
Mayın əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd, Füzuli, Qubadlı, Zəngilan rayonlarına səfər edib. Dövlət başçımız bir sıra yaşayış məhəlləsinin, kəndlərin təməlqoyma mərasimində, iaşə obyektlərinin açılışında iştirak edib.
Maliyyə naziri Samir Şərifov mayın 3-də Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində bildirib ki, bu ilin sonuna qədər Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə ayırmaları 6,6 milyard ABŞ dollarından çox olacaq.
O, çıxışında 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən danışıb. Nazir bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını, məcburi köçkün və qaçqınların öz doğma yerlərinə qayıtmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.
S.Şərifov işğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib, yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib, regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Prosesin davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri davam edəcək. Bu işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Ümumilikdə isə bu ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə artıq torpaq işlərinə başlanılacaq, bərpa-quruculuq işlərinə start veriləcək. Bir il, il yarım ərzində bu kəndlər də bərpa olunacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Talış kəndində olduğu kimi, digər kəndlərimizdə də sakinlər sağlam və firavan həyat sürəcəklər.
Onu da qeyd edək ki, Fransanın “Arte” telekanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı “Qarabağ, qayıtmaq vaxtıdır” reportaj hazırlayıb.
Telekanalın müxbirləri 44 günlük müharibənin başa çatmasından iki il sonra hazırda Qarabağda baş verənlər və işğaldan azad edilmiş ərazilərin necə bərpa olunduğu barədə süjet hazırlamaq üçün Azərbaycana səfər ediblər.
Reportajda qeyd olunur ki, Qarabağ gərginlik mənbəyi olaraq qalır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmayıb. 2023-cü ilin əvvəlində isə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənib.
Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur. Hətta məcburi köçkünlər də “Böyük Qayıdış” proqramı çərçivəsində orada yaşamaq üçün ilk dəfə geri qayıda bildilər.
Süjetdə qeyd olunur ki, Azərbaycan Qarabağın firavan gələcəyi naminə vaxtilə xarabalığa çevrilmiş ərazilərdə yollar, evlər, məktəblər tikir.
Əslən Qubadlıdan olan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Qubadlı rayonuna səfər edən Cənab Prezidentin erməni vandallarının dağıdıb taladığı məşhur Xanlıq kəndinin təməlini yenidən qoyması mərasiminin kadrlarını izləyərkən qeyri-adi hisslər yaşadım. Sevinc və nisgil hissləri bir-birinə qarışdı: "Xanlıq mənim doğma kəndimdir. Mən bu kənddə anadan olmuşam, orada böyümüşəm. Və Birinci Qarabağ müharibəsi zamanı həm Xanlıq uğrunda, həm də digər ərazilərimiz uğrunda döyüşmüşəm, yaralanmış. Düz 30 ildir ki, mən Xanlıqdan uzaq düşmüşəm. Bir çox soydaşlarımız kimi biz də məcburi köçkün həyatının bütün əziyyətlərinə qatlaşmışıq. Şükürlər olsun ki, indi artıq məcburi köçkün sayılmırıq. 44 günlük İkinci Qarabağ savaşında Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman əsgər və zabitlərimiz, qazilərimiz Xanlıq kəndini də düşmən tapdağından azad etdilər. Məcburi köçkünlüyün ağır yükü üzərimizdən götürüldü. Buna görə əziz şəhidlərimizin ruhu qarşısında da baş əyirik.
İndi Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri kimi Qubadlı rayonu da yenidən qurulur, bərpa olunur. Bu gün isə Qubadlının ən böyük kəndlərindən biri sayılan, strateji nöqtədə yerləşən Xanlıq kəndinin də təməlqoyma mərasiminə şahidlik etdik.
Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng bir tikinti meydanını xatırladır. Orada gecəli-gündüzlü intensiv inşaat-bərpa işləri görülür. Mən oradakı qızğın iş mühitini öz gözlərimlə görmüşəm. Ağdamda, Zəngilanda, Şuşada olduğum səfərlər zamanı hər kəsin Böyük Qayıdış naminə fədakarlıq göstərdiyini müşahidə etmişəm".
O, qeyd edib ki, Xanlıq kəndi də fədakar insanlarımızın əməyi sayəsində tezliklə bərpa olunacaq: "Mən əminəm ki, Böyük Qayıdış hədəfimizin bir mərhələsi kimi Xanlığa qayıdışımız da möhtəşəm olacaq. İnşAllah gün gələr birbaşa Xanlıqdan paylaşım edərik.
Bu günkü təməlqoyma münasibətilə Xanlıqdan olan bütün yurddaşlarımızı təbrik edirəm. Cənab Prezidentə isə təşəkkürümüzü bildirirəm. İnşAllah Xanlıqda görüşərik".
Cavid