• 23 Oktyabr 2024
logo
Azərbaycan sülh mövqeyindən çıxış edir

Azərbaycan sülh mövqeyindən çıxış edir

Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi mühüm hadisədir. Hazırda bütün qüvvələr səfərbər edilib, Şuşa yenidən qurulur.
İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Sadəcə, Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət mərkəzi sayılan Şuşamızda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi və möhtərəm prezidentimizin qalib xalqın qəhrəman Lideri kimi nitq söyləməsi olduqca qürurverici hadisə idi. Və hər zaman olduğu kimi, cənab prezidentin əhatəli nitqi böyük rəğbətlə qarşılandı.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, ona verilən sualları cavablandırarkən mövcud reallıqları bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq, həmişə işğal altında olacağıq.
Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim qürurumuzun nümayişidir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir.
Konfransda çıxışı əsnasında Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı dünya düzəni üçün örnək sayılacaq Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimiz arasında münasibətlərin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsindən bəhs edərək, haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan bu Bəyannamə tarixi hadisədir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövrdə isə əlaqələr iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsində qardaşlıq münasibətlərindən müttəfiqlik zirvəsinə qalxıb. Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu müttəfiqliyin qorunub saxlanılacağına və daha da güclənəciyinə əminliyini ifadə etdi.
Azərbaycan təkcə Türkiyə ilə yox, Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.
Xoş təsadüfdür ki, Şuşa İlinin arxasıyca cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlər nəzərə alınaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq cəsarətlə ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyəti ilə sübut edib. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə ölkə rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etdiyi kimi, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb.

Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur.
Son vaxtlar Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. İstər Davos İqtisadi Forumu istər Macarıstana olan səfər istərsə də Münhen Təhlükəsizlik Konfransında iştirak bir daha sübut etdi ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir.

İzzət Rüstəmov
Xətai rayon Ağsaqqallar Şurasının sədri