• 23 Oktyabr 2024
logo
Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı nefti əhəmiyyətli amil olmuşdur. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.
Sovet İttifaqının marşalları Jukov, Rokosovski, Tolbuxin Azərbaycan neftçilərinin əməyinə çox yüksək qiymət vermişlər. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir.
Azərbaycan xalqı arxa cəbhədə misilsiz əmək qəhrəmanlığı göstərmişdir. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
1941-ci ildə respublikada çoxlu sayda hərbi hospitallar yaradılmış, müharibə illərində respublikada donor hərəkatı genişlənmişdi. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün qızıl, gümüş, pul toplamış, cəbhəyə vaqonlarla müxtəlif əşya və isti paltar, külli miqdarda ərzaq göndərmişdi.
Azərbaycan xalq təsərrüfatında da böyük fədakarlığ göstərmişdir. Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu.
Azərbaycanlılar faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər.

Azərbaycanlılar Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi.
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi veteranları haqqında deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında söyləyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.
Bu qayğılı münasibətin təsdiqi olaraq, Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncam imzalamışdır.
Azərbaycan xalqı faşizm üzərində qələbəyə həqiqətən də möhtəşəm töhfələrini verib və dünya bunu heç zaman unutmamalıdır”.
Anar Məmmədov
Xətai rayon İcra Hakimiyyəti
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri