• 15 İyul 2024
logo
İrəvan 8 kəndi qaytarır... - Nikol niyə 1975-ci il xəritəsini istəyir?

İrəvan 8 kəndi qaytarır... - Nikol niyə 1975-ci il xəritəsini istəyir?

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada “Azadlıq radiosu”na müsahibəsində 8 kəndi – Qazaxın 7 kədi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir.
Nikolun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir” və Bakının tələb etdiyi 8 kənd yalnız bu kəndlərin “qaytarıldığı” təqdirdə həllini tapa bilər. İrəvan bununla “barter” təklif edir. Hərçənd, Nikolun adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazlərin böyük hissəsində azərbaycanlılar yaşayırdı.
Berbaker kəndi - əsl adı Bibiş: qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayırdı, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qaldı.
Vazaşen – əsl adı Lələkənd: tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub.
Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər;
Paravakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib;
Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil. Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir. Paşinyanın sözlərindən aydın olur ki, İrəvan Azərbaycan ordusunun geri çəkilməsini və bu kəndlərin ərazilərindəki nəzarətin aradan qalxmasını istəyir.
Diqqətçəkən məqam Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd, Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri – sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır.
Erməni baş nazirin sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparmağa hazır olduğunu bəyan etməsi də “erməni kəndləri” adlandırdığı əraziləri ələ keçirmək məqsədi daşıyır. Görünür, Ermənistan Azərbaycanın 8 kənd tələbini icra etmək məcburiyyətində qalacağını anladığı üçün nəsə əldə etmək naminə bu xəritəni irəli sürür. Lakin Bakının bu məsələdə razılaşacağı gözləntisi azdır. SSRİ xəritələrinin gündəmə gəlməsi həm də prosesin Moskva masasında müzakirə edilməsi ehtimalını önə çıxarır. Rəsmi Bakı bu məsələdə əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir.

Asif Nərimanlı