• 19 Aprel 2024
logo
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva

Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ölkələrimiz arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisidir.

Bunu deputat Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, bu səfər, eyni zamanda qardaş ölkə ilə əlaqələrimizin daha da yüksəldilməsinə xidmət edəcək, qarşılıqlı əməkdaşlıq, siyasi, ticari, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək:

"Türkiyə ilə Azərbaycanın iqtisadi münasibətləri ildən-ilə inkişaf edir. 2019-cu ildə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2018-ci illə müqayisədə 323 min və ya 11.4 faiz artaraq tarixi rekorda - 3.2 milyon nəfərə çatıb.

Ötən ildə ölkəmizə gələnlərin 10,0 faizi Türkiyə vətəndaşı olmuşdur. 2019-cu ildə Azərbaycana Türkiyədən gələnlərin sayı 8.6 faiz artaraq müvafiq olaraq 316 min nəfər təşkil edib.

Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi mühüm rol oynayıb. Bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın makroiqtisadi dayanıqlığı güclənib. Əhalinin gəlirlərində əhəmiyyətli artım müşahidə olunub.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasındakı xarici ticarət əlaqələri daha da genişlənib.

Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənib. Həmçinin Azərbaycanın Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarına keçidində də əhəmiyyətli rol oynayıb. Son statistikalar göstərir ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər qazandırır".