Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr həmişə yüksək səviyyədə olub və müsbət dinamika ilə xarakterizə edilir. Ötən il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi tamam oldu.
Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.
Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf etmiş, ölkələrimiz arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan-Bolqarıstan əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə yüksəldi. Bu son dərəcə mühüm sənədə əsasən tərəflər iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq miqyasda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi ilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan etdilər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis edildi.
Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir.
Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. Prezident İlham Əliyevin dediyi kimi “Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”. Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.
Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizin təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan trans-Adriatik qaz kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək lazımdır ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkanlara daxil olub və eyni zamanda, bu regionda daxili konnektorlar hesabına Azərbaycanın təbii qazının ixrac bazarı daha da genişlənib.
Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaqdır.Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.
Xatırlatmaq yerinə düşər ki, Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri qurulub.
Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Bir sözlə demək olar ki, Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bütün bunlar enerji resursları mənbəyi və logistika qovşağı olan Azərbaycanın beynəlxalq məkanda öz maraqlarını ifadə etməsi üçün daha geniş imkanların yaranmasına səbəb olacaqdır. Bu əlbəttə ki, ölkə başçımız İlham Əliyevin uzaqgörən müdrik siyasətinin, diplomatik məharətinin nəticəsidir.
Vüsalə Babayeva
147 nömrəli Texniki-humanitar liseyin direktor əvəzi