Qəribə bir tendensiya yaranıb Azərbaycanda... Əslində çoxdan hökm sürür, amma indiki qədər qabarıq olmayıb. Bu da Azərbaycan parlamentinin bəzi deputatlarının nəinki çıxdıqları, çıxa bilmədikləri, hətta çıxmaq istəmədikləri, çıxmamaq üçün mücadilə apardıqları “qın”larını əllərinə düşən ilk imkandaca bəyənmədiklərini nümayiş etdirmələriylə bağlıdır. Nə sirrdirsə, belələri daim “qın”da qalmağa nail olur və eyni zamanda, hərdənbir dillərini azacıq önə çıxarıb, “qın”dan sıyrılmaq istədiklərini nümayiş etdirməyi, hətta bəzilərini bu istəklərinin gerçəkliyinə inandırmağı da bacarırlar. Ancaq yenə də nə sirrdirsə, 20 ildən çoxdur ki, “sıxılıb” qaldıqları “qın”dan bircə millimetr də kənarda boy göstərmirlər. Bilmirəm, bunu “məharət”, “bacarıq”, “istedad” adlandırım, yoxsa Azərbaycan dilindəki sifət müxtəlifliyi sırasından başqa sifətlər tapmağa cəhd göstərim. Özümü çətinə salmaq istəmirəm. Çünki sonucu arzuolunmaz bir müstəviyə gətirib çıxara bilər...
Azərbaycanda bir neçə ictimai-siyasi aktor var ki, onlar bütün dövrlərdə özlərini həm razı, həm də narazı göstərməyi, eyni zamanda razının yanında “razılıq mücəssəməsi”, narazının yanında isə onunla həmfikir, “həmdərd” olmaq kimi iki və daha çox fərqli mövqeyi bir təndə birləşdirmək kimi çox çətin “vəzifə"nin öhdəsindən gələ bilir.
Bu bağlamda, Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədovun “YouTibe” kanallarından birinə müsahibəsi, diqqətimi xüsusilə cəlb etdi. Doğrusu, bütün dövrlərdə və bütün hakimiyyətlərlə işləməyi bacaran, kifayət qədər siyasi təcrübəsi olan Vahid Əhmədovun qarşındakı şəxsin konkret tərəfin mövqeyini ifadə edən ritorik suallarının axarına düşərək, məhz onun arzuladığı, eşitmək istədiyi fikirləri səsləndirməsinə xeyli təəccübləndim. Deputatın təmsil olunduğu parlamentə, həmkarlarına olan münasibətinə, onun dörd dəfə, fasiləsiz olaraq Milli Məclisə düşməsinə imkan yaradan seçki sisteminə qarşı sərgilədiyi yanaşmaya da həmçinin...
Vahid Əhmədov deyir ki, “onun əlində parlamentdə təmsil olunan və eyni zamanda biznes fəaliyyəti ilə məşğul olan insanlarla bağlı çoxlu faktlar var”. Ad çəkmir, faktları sadalamır, sadəcə deyir. Yəqin ki, belə faktlar var və ölkə qanunvericiliyi deputatların, dövlət qulluqçularının biznes fəaliyyəti ilə məşğul olmalarını qadağan edir. Əgər mən, yaxud başqa bir həmkarım bu barədə danışsaydı, yaxud yazsaydı, məni və həmkarımı kimsə qınaya bilməzdi. Çünki Vahid Əhmədov oturduğu yeri, qanunverici orqanı - həm də Milli Məclisin divarlarından kənarda - qanunları pozmaqda ittiham etdiyi halda, hələ də deputat mandatı daşıyır... Vahid Əhmədov 1-2 ilin deputatı deyil və artıq dördüncü çağırışdır ki, Milli Məclisdə təmsil olunur. 1990-cı illərdəki təmsilçiliyini nəzərə almasaq, 18 illik təcrübəsi var. Və bu 18 il ərzində ən azı 18 min dəfə Milli Məclisin deputatlarından kimlərinsə biznes fəaliyyəti ilə məşğul olduğu barədə deyilib və yazılıb. Vahid Əhmədov isə susub və 18 il ərzində bircə dəfə də olsun parlamentin iclasında bu barədə danışmayıb, etirazını bildirməyib. Və hər dəfə də indi qanunları pozmaqda ittiham etdiyi qanunvericilik orqanında təmsil olunmaq üçün namizədliyini irəli sürüb və... yenə də, dolayısıyla bəyənmədiyi seçki sisteminin sayəsində III, IV, V, VI çağırış Milli Məclisdə təmsil olunmaq imkanı qazanıb. İndi özünüz nəticə çıxarın: Milli Məclisə, dolayısıyla qanunların pozulduğu məkan kimi yanaşan, oturduğu yerdən buna etirazını bildirməyən, ittihamlarını qarşısındakının istiqamətləndirici sualının leytmotivinə uyğun şəkildə dilə gətirən bir şəxsin, heç bir şey olmamış kimi yenidən parlamentin divarları arasına qayıtmasına nə ad vermək olar?
Vahid Əhmədovun, onun deputat seçilməsinə imkan yaradan seçki sistemi ilə bağlı, yumşaq desəm, birbaşa ifadə edə bilmədiyi ittihamvari mülahizələrinə gəldikdə isə, bu sözügedən şəxsin təfərrüatına varmaq istəmədiyim “əsl müxalifət”, “qeyri-əsl müxalifət” bölgüsündə də öz əksini tapıb. Məsələn, Vahid Əhmədov deyir ki, Azərbaycanda bu gün bir neçə partiya var ki, sabah seçkiyə buraxsan o səviyyədə (hansı səviyyədə? – E.M.) səsləri yığacaq. Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası... Ola bilər ki, REAL partiyası da müəyyən qədər real səs toplaya bilsin”.
Hörmətli Vahid Əhmədovun Yeni Azərbaycan Partiyasının adını hansı səbəbdən çəkdiyi məlumdur. Özünü sığortalamaq istəyib. Bəs digərlərinin? Məlum olduğu kimi, nə Müsavat partiyası, nə də Əli Kərimlinin AXCP-si Milli Məclisdə təmsil olunmur. O zaman sual olunur, Vahid Əhmədov, əgər Müsavat partiyası və AXCP sizin də dördüncü dəfə parlamentə düşmək imkanı qazandığınız seçkilərdə uğur qazana bilməyiblərsə, o zaman onlara kim və nə mane olub? Bəlkə son parlament seçkilərindən keçən 3 il 3 ay ərzində ölkədəki vəziyyət radikal müxalifətin xeyrinə dəyişib, xəbərimiz yoxdur? Məgər Vahid Əhmədov Əli Kərimlinin 44 günlük müharibə zamanı və daha sonra sərgilədiyi mövqeyi, onun siyasi partiyaların milli maraqlarımızın müdafiəsi ilə bağlı birgə bəyanatlarına qoşulmadığını da xatırlamır? Əgər xatırlayırsa və yenə də Əli Kərimlinin AXCP-sinin “sabah seçkiyə buraxsan o səviyyədə səs toplayacağını” düşünürsə, belə anlaşılır ki, ölkənin bəlli, yəni AXCP-yə yetərincə səs qazandıra biləcək səviyyədə ictimai rəyi sözügedən şəxsin və təsisatın antimilli mövqeyini dəstəkləyir...
Sən demə, Vahid Əhmədovun özünəməxsus “müxalifətölçən cihazı” da varmış... Hələ minnət qoyurmuş kimi, BQP və BAXCP-nin, eləcə də MCP-nin “müəyyən qədər səs yığa biləcəklərini” də deməyi unutmur. Həm də səs alacaqlarını yox, “yığacaqlarını”. Elə bil Azərbaycan vətəndaşının səsi Qubadakı alma bağlarından yığılacaq...
Nə isə...
Adam oturduğu yerə, ən azı özünə görə hörmət bəsləyər. Ya da çıxıb gedər...
Elçin Mirzəbəyli