• 28 Mart 2024
logo
Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Mehdiabad qəsəbəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mehdiabad qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Mehdiabad qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Şəhidlərin ruhuna dua oxunduqdan sonra Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və qəsəbə ictimaiyyətinin nümayəndələri Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən Şəhidlər Xiyabanın önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra qəsəbədəki mərasim evində anım tədbiri keçirilib.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Qəsəbə ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Sonda isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.