• 20 Aprel 2024
logo
Xocalı soyqırımı tərcümə ədəbiyyatında

Xocalı soyqırımı tərcümə ədəbiyyatında

Bütün dövrlərdə soyqırım hadisələri dünyanın yaddaşında dərin izlər qoyub.

Etnik, irqi, dini və ya milli qrupun düşünülmüş şəkildə məhv edilməsinə soyqırım deyilir. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cəzalandırılması mütləqdir. Soyqırım ittihamı isə həmişə ziddiyyətli olur. Hansı tarixi hadisələrin soyqırım, hansıların isə qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir.

Təxminən 6 milyon nəfərin öldürüldüyü Holokost faciəsi, Ruanda, Əlcəzair, Srebrenitsa soyqırımı və Xocalı...

Xocalı soyqırımdır, bir şəhərin yer üzündən silinməsidir, əsrin faciəsidir, tariximizin qanlı səhifəsidir.

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində bir şəhər bir gecədə yer üzündən silinib, əhalisi məhv edilib, əsir götürülüb. Faciədən 28 il keçməsinə baxmayaraq, girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

On iki ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılmaqdadır.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Dillər Universitetinin də müəllim-tələbə heyəti üzərinə düşəni etməyə çalışıb. Universitetin professoru Qılıncxan Bayramovun redaktorluğu ilə “Xocalı-1992” kitabı Azərbaycan, ingilis, fransız və rus dillərində işıq üzü görüb.

Universitetin Tərcümə fakültəsi hər il Xocalı faciəsi barədə məlumatları, faktlar barədə sənədəri, şahidlərin dediklərini müxtəlif dillərdə tərcümə edərək prezentasiya formasında gündəmə gətirirlər. Proqram çərçivəsində xaricdə təhsil alan tələbələrimiz faciə ilə bağlı dünyanın müxtəlif yerlərində flashmoblar təşkil edir, müxtəlif dillərdə plakatlar hazırlayaraq dünyanın diqqətini Xocalı faciəsinə ayırmağa çağırış edirlər.

Ümumiyyətlə, Xocalı faciəsinin və bütövlükdə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması üçün bu mövzuda kitabların, məlumatların müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə nəşri və yayımlanması çox vacibdir.

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində də məlum oldu ki, soyqırımın tanıdılması üçün bu üsulla həyata keçirilən tədbirlər nəticə verir.

Bənövşə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru