• 20 Aprel 2024
logo
Milli Qəhrəmanımızın xatirəsi anılıb

Milli Qəhrəmanımızın xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı, Polkovnik-leytenant Şirin Mirzəyevin ölümündən 25 il ötür

Bakı Humanitar Kollecində “Qarabağ Qaziləri” və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai birliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin şəhidliyinin 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə şəhidin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov işğalçılıq siyasəti aparan qəsbkar ermənilərin torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb.

Qəsbkar düşmənə qarşı döyüşlərdə Vətən övladlarının qəhrəmanlığından bəhs edən F.Qurbanov şəhidlərin xatirəsinin daim müqəddəs və əziz tutulduğunu vurğulayıb.

Tədbirdə Ş.Mirzəyevin həyatı və şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. O, 1991-ci ildə ölkəmizdə ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış yerlərinin bədnam ermənilərdən təmizlənməsində xüsusi igidlik göstərib.

1992-ci ildə Ş.Mirzəyev Sırxavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Məclisin deputatı Aqil Abbas polkovnik-leytenant Ş.Mirzəyevin qəhrəmanlığından, doğma Vətənə, torpağa sonsuz sevgisindən, düşmənə qarşı qəzəb və nifrətindən bəhs edib.

A.Abbas məkrli ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib.

Digər çıxış edənlər də Ş.Mirzəyevin həyat və qəhrəmanlığının gənc nəslə layiqli örnək olduğunu vurğulayıblar.

Sonda qəhrəman hərbçimizin şərəfli döyüş yolundan bəhs edən film göstərilib.