• 20 Oktyabr 2020
logo
Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir

Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir

Azərbaycan xalqının tarixində ən dəhşətli, qandonduran, tükürpədən faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Xocalı faciəsinin 28-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Xocalıda baş verən qətliamda həyatını itirən insanlar dinc əhali idi: “Xüsusilə də həlak olan 613 nəfər Xocalı sakinləri içərisində uşaqlar, qadınlar, qocalar var idi ki, onlar dinc əhali olmaqla yanaşı, düşmən tərəfi üçün hər hansı təhlükə yaratmırdı. Xocalı faciəsi, eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, qətlə yetirilən cəsədlərin üzərində təhqiramiz hərəkətlərin edilməsi ondan xəbər verir ki, bu, bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, bir cinayət idi.

Biz Xocalı hadisəsini birmənalı şəkildə, qəti olaraq soyqırımı hesab edirik. O insanlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Azərbaycan xalqı heç zaman bu soyqırımı unutmayıb, unutmur və heç vaxt unutmayacaq. Xocalı soyqırmı Azərbaycan xalqının qan yaddaşına çevrilib və tarixin bütün mərhələlərində ən qanlı faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacaq”.

Ə.Əhmədov vurğulayıb ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması və soyqırımı kimi qəbul olunması istiqamətində böyük işlər görülür, xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi soyqırımı kimi qəbul olunub: “Bütövlükdə, daha geniş miqyasda Xocalı faciəsinin soyqırımı kimi qəbul olunması istiqamətində bizim qarşımızda böyük vəzifələr durur. Bu faciənin bizi ən çox narahat edən məqamlarından biri də odur ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar. Nəinki cəzalarını almayıblar, bir sıra hallarda isə onlar Xocalı faciəsini törətdiklərinə görə fəxr etdiklərini dillərinə gətirib və bu barədə bəyanatlar səsləndiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxaq qurumlar tərəfindən Xocalı soyqırımını törədən insanlar barəsində indiyə qədər heç bir addım atılmayıb".

Daha sonra çıxış edən Xocalıdan olan millət vəkili Elman Məmmədov bildirib ki, bu gün bütün xocalılılar üçün danışmaq çox ağırdır: “Çünki bu gün Xocalının son günüdür. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq. Çünki Respublika rəhbərliyi bizim gündəlik müraciətlərimizə belə cavab verirdi - “Qorxmayın, möhkəm dayanın, sabah gələcəyik”. Son 1 ayın danışıqlarının məzmunu bu cür idi. Xocalı son 4 ayını mühasirə şəraitində yaşadı. 1991-ci ilin noyabr ayının 1-dən bugünkü günə qədər bu mühasirə davam edir. Bu 4 ayda o dövrün deputatları Arif Rəhimzadə, Eldar İbrahimov da təsdiq edə bilər ki, mən dəfələrlə Ali Sovetin iclaslarında xahiş etdim ki, bizə kömək edin. Çünki rəhbərliyin başı burada hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Ancaq bu çağırışların faydası olmadı. Ümidverici vədlərdən başqa bizə heç nə deyilmədi. Nə vaxt ki, millətə, dövlətə, xalqa rəhbərlik edənlər yerində olmur, vəzifəsinin məsuliyyətini dərk etmir, onda Xocalı məhv olur. Bakıda gedən hakimiyyət davaları nəticəsində düşmənin əlinə fürsət düşdü, istədiyini etdi, soyqırımı törətdi. Xocalının ətrafında azərbaycanlılar yaşayan ikinci bir yaşayış məntəqəsi yox idi. Xocalı ortada tək qalmışdı”.

E.Məmmədov qeyd edib ki, Xocalı soyqırımı ilk dəfə dünyada Heydər Əliyev tərəfindən tanıdılmağa başlanılıb: “Bu tədbirlər bu gün də çox geniş vüsət alıb. Artıq xeyli dövlət müxtəlif səviyyələrdə bu soyqırımı tanıyıb. Beynəlxalq güclər bu gün Xocalı soyqırımına qarşı da, bütövlükdə Azərbaycan torpaqlarının 20%-nin işğal altında qalmasına da göz yumur. Buna görə də işğalçı, terrorçu dövlət bu günə kimi cəzasız qalıb. Biz torpaqlarımızı işğaldan azad etmək, düşməni, işğalçını cəzalandırmaq üçün çox güclü olmalıyıq. Çünki gücün sözünün kəsəri olur, güc qalib gəlir”.

Tədbir daha sonra çıxışlarla davam etdirilib.