• 28 Mart 2024
logo
Anastasiya Lebedeva: “Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən il əhəmiyyətli dərəcədə artıb”

Anastasiya Lebedeva: “Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən il əhəmiyyətli dərəcədə artıb”

“Rusiyalı turistlər Azərbaycanı özləri üçün məmnuniyyətlə kəşf edirlər”

“Səmimi mehribançılıq və istiqanlılıqla yanaşı, insanlarda işgüzarlığa da çox böyük qiymət verirəm. Azərbaycanlılarda isə bu keyfiyyət artıqlaması ilə var!”

Bu sözləri KANAL 5-ə Azərbaycandan kənarda yaşayan, lakin ölkəmizi sevən və onu hər zaman tanıtmaq eşqi ilə yaşayan Rusiyanın "GrottBjorn" şirkətinin İnkişaf Departamentinin rəhbəri, tanınmış marketoloq Anastasiya Lebedeva bildirib.

“Azərbaycan adlı gözəl ölkənin varlığından hələ uşaq ikən xəbərdar idim. Atam hərbçi idi və bizə tez-tez ordudan tərxis olunmuş azərbaycanlı əsgərlərdən sovqatlar gətirərdi. Onlar həmin payları öz komandirlərinə - mənim atama – hərbi qulluğa yeni çağırılmış dostlarının vasitəsilə çatdırardılar.

Buna görə mənim Cənubi Qafqazın bu ölkəsinə ilk səfərim uşaqlıq nağılın gerçəkliyə dönməsi kimi bir şey idi. O, parlaq rənglərin, tamların ahəngi, geniş qəlbli insanların səmimi və istiqanlı qonaqpərvərliyi – bütün bunlar mənə bir anda Azərbaycanı sevdirdi”.

Bu gün Rusiyada əsası ecazkar, maraqlı, zəngin mədəniyyətə malik Azərbaycan vətəndaşları tərəfindən qoyulmuş yüzlərlə şirkətin mövcudluğunu bildirən Anastasiya Lebedeva bildirdi ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi də ötən il əhəmiyyətli dərəcədə artıb.

“Bu göstərici təkcə ənənəvi Azərbaycan mallarının – bütün Rusiyada məşhur olan möhtəşəm pomidor və narın – hesabına çoxalmayıb. Şərabçıların məhsulları hələ ki, rusiyalılara çox tanış olmasa da, ancaq böyük potensiala malikdir. İtaliya, yaxud da İspaniyanın ən məşhur şərablarından heç də geri qalmayan bu gözəl içkinin dadına baxdıqdan sonra, mən buna özüm şəxsən şahid oldum. Və, əlbəttə, unutmaq olmaz ki, Azərbaycanda nəhəng neft yataqları toplanıb. Bu da bizim ölkələrimizi müəyyən mənada doğmalaşdırır”.

Anastasiya Lebedevanın fikrincə, rus alıcı Azərbaycandan gətirilən mallara açıqdır: “Şirkətimiz maliyyə ilə məşğuldur və müxtəlif səviyyəli təşkilatlara öz sahələrində uğur qazanmağa kömək edir. Biz yalnız Rusiya bazarına mal və xidmətlər təqdim etməyi təklif etmirik, biznesin inkişafına geniş çeşidli investor cəlb etməyə hazırıq. Bu gün bir neçə il əvvəlkindən daha asandır.

Başqa sözlə, birbaşa iştirakımız olan bir Azərbaycan şirkəti Rusiya fond bazarında xarici bir emitent ola bilər və ölkəmizin ən böyük platformasında - Moskva Birjasında satılacaq istiqrazlarını buraxa bilər. Beləliklə, onun işinə dəstək olmaq və bundan yüksək gəlir əldə etmək üçün geniş bir bazara çıxış üçün fürsət tapacaqdır”.

Bu il mədəni-tarixi irsin bərpası və qaytarılması, həmçinin turizmin inkişafı ilə məşğul olan “Böyük Rusiya” (“Русь Великая”) beynəlxalq fondunun vitse-prezidenti təyin olunan Anastasiya xanım bildirdi ki, Azərbaycanla əlaqələrin daha dolğun, qarşılıqlı fayda verə biləcək mübadilə quracağımız ölkələrdən olmasını arzulayır: “Ənənəvi iş münasibətləri ilə yanaşı, ölkələrimizi illər boyu sıx birləşdirən digər sahələr də var. Bu, mədəniyyət və turizmdir. İldən-ilə on minlərlə rusiyalı Azərbaycanı – müasirliyin ənənələri olan inam və ehtiramla qəribə formada ahəng təşkil etdiyi bu ölkəni özləri üçün məmnuniyyətlə kəşf edirlər. Körpünün o biri başında is Rusiya durub – ucsuz-bucaqsız bu ölkə heç də Moskva və Sankt-Peterburqla məhdudlaşmır. O, özünün ən qeyri-adi tərəflərini kəşf edə biləcək qonaqlarını qəbul etməyə həmişə hazırdır”.