• 1 Aprel 2020
logo
Prezident İlham Əliyev: Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur

Prezident İlham Əliyev: Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur

Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur. Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər".