• 1 Aprel 2020
logo
Ümumavropa Qarabağ mitinqinə dəstək olaq

Ümumavropa Qarabağ mitinqinə dəstək olaq -VİDEO

Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında keçirilən debat Ermənistan cəmiyyətində əsas müzakirə mövzusuna çevrilib. Hakim komandanın təmsilçiləri əks arqumentləri olmadığı üçün susmağa üstünlük verirlər, Paşinyana yaxın kütləvi infornasiya vasitələri və ekspertlər absurd mülahizələrlə diqqəti yayındırmağa çalışırlar. Görünən odur ki, indiyədək "Böyük Ermənistan" xülyasına söykənərək tarixi faktları həyasız erməni iddiaları ilə əvəzləməyə, yalanlar üzərindən gur-gur ötməyə alışmış erməni ideoloji maşının tör-töküntüləri seytnot vəziyyətinə düşüblər. Onlardan bir qismi Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında tarixə ekskursiya etməməyi, yalnız mövcud reallıqlar üzərində dayanmağı, digər qismi isə, əksinə həm Ermənistanda, həm də xaricdə "erməni tarixi"ni təbliğ etməyi vacib sayır. Bütün əks fikirlərin arasında üst-üstə düşən yeganə məqam isə ondan ibarətdir ki, "debat formatı özünü doğrultmur", "effektiv deyil" və Ermənistan rəhbərliyi mümkün qədər açıq dialoqdan qaçmalıdır. Əslində bu faktın özü təkcə Ermənistan rəhbərliyinin hazırsızlığını deyil, həm də Ermənistanın, erməni cəmiyyətinin ədalətsiz, haqsız bir mövqedə dayandığını və onların yalanlar üzərində qurulan erməni təbliğatının ictimai müzakirələrdə iflasa uğrayacağını yaxşı başa düşdüklərini ortaya qoyur. Deməli, bu ermənilərin ən zəif nöqtələrindən biri və bəlkə də birincisidir. Və ermənilər yaxşı anlayırlar ki, Azərbaycan Prezidenti ilə debatda acı məğlubiyyətə uğrayan yalnız Baş nazir Nikol Paşinyan yox, eyni zamanda Ermənistanın, erməni diasporunun təbliğat maşınıdır. Yəni bu o deməkdir ki, Paşinyanın yerində hətta erməni tarixçilərindən və siyasətçilərindən ibarət bütöv bir qrup olsaydı da belə, yenə də Azərbaycan Prezidentinin faktlara söykənən dəmir məntiqi qarşısında aciz duruma düşəcəkdi. Bu gün Ermənistan cəmiyyətində "azərbaycanlılarla ictimai müzakirələrə qatılmayın" isterikasının aparıcı mövqeyə keçməsi və Prezident İlham Əliyevin timsalında milli maraqlarımızın qorunması ilə bağlı göstərilən nümunə Ermənistana və erməni təbliğat maşınına qarşı pressinqin fasiləsiz olaraq davam etdirilməsini zəruri edir. Bu baxımdan, Almaniya Azərbaycanlıları Alyansının fevralın 22-nə, Almaniya vaxtı ilə saat 13:00-a təyin etdiyi Ümumavropa Qarabağ mitinqinin mütəşəkkilliyi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin ölkəmizə informasiya müharibəsində qazandırdığı tarixi üstünlük Berlinin Pariser Meydanında (Pariser Platz) da öz əksini tapmalıdır. Təkcə azərbaycanlılar deyil, bütün Türk Dünyası, işğala, terrora, separatizmə, günahsız insanların ölümünə, ədalətsizliyə qarşı çıxan, övladlarının gələcəyini düşünən hər kəs Berlinin Pariser Meydanında "Qarabağ" deməlidir! Ümumavropa Qarabağ mitinqinə dəstək olaq! Elçin Mirzəbəyli "Xalq cəbhəsi" qəzetinin Baş redaktoru