• 26 Aprel 2024
logo
Güney Azərbaycan ziyalılarından Xocalı harayı: “Bu, hamımızın qanayan yarasıdır”

Güney Azərbaycan ziyalılarından Xocalı harayı: “Bu, hamımızın qanayan yarasıdır”

Qarşıdan ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Azərbaycan dövlət 27 ildir ki, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya yaymağa çalışır. Türkiyədə və digər türkdilli dövlətlərdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı işlər görülür. Lakin 40 milyona yaxın türkün yaşadığı İranda Xocalı soyqırımının tanıdılması ilə bağlı görülən işlər qənaətbəxş deyil.
Güney Azərbaycanda yaşayan bir qrup ziyalı, yazar, milli hərəkat fəalı ilə Xocalı soyqırımının tanıdılması ilə bağlı müraciət edib. “Xocalı soyqırımı Türk və İslam dünyasının ortaq yarasıdır. Azərbaycan, İran və Türkiyədə fəaliyyət göstərən televiziya, radio, mətbuat və kütləvi informasiya vasitələrinə müraciət edərək bu məsələni diqqətdə saxlamağı xahiş edirik. 1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələri rus hərbçilərinin köməyi ilə Azərbaycanın türklər yaşayan Xocalı şəhərini yer üzündən siliblər. Orada yaşayan yüzlərlə insanı qətlə yetiriblər. Qadınlara, qocalara və uşaqlara belə rhəm etməyiblər. Lakin bu soyqırımı aktı türk və islam dünyasında lazımi qiymətini almayıb. 40 milyon türkün yaşadığı İranda Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat yoxdur. Xalqın əksəriyyəti bilgisizdir. Bu olduqca təhlükəli tendensiyadır və yeni faciələrə yol açır. Cəzasızlıq sindromu erməniləri yeni qırğınlara həvəsləndirə bilər”.
Güneyli ziyalılar bütün milli fəalları, medianı Xocalı faciəsinə diqqət göstərməyə çağırıb: “Azərbaycan Milli Hərəkatının fəalları və yazarlar bəyan edirik ki, fevralın 26-da Xocalı qurbanlarının xatirəsini yad edəcək, bununla əlaqədar anım tədbiri keçirəcəyik. Xocalı bütün Azərbaycanın, türk dünyasının qanayan yarasıdır. Bu qisas həm də bizimdir. Qisasımız yerdə qalmayacaq. Gec-tez Xocalı türklərinin intiqamını alacağıq”.
Güneyli ziyalılar bildirib ki, fevralın 26-da saat 12.00 (Təbriz vaxtı ilə 11.30-da) Güney Azərbaycanda Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.