• 25 Aprel 2024
logo
Milli kimliyimiz, dilimiz, mədəniyyətimiz qürurumuzdur

Milli kimliyimiz, dilimiz, mədəniyyətimiz qürurumuzdur

Azərbaycan türkcəsinin sərhədləri çox genişdir və əgər biz bu sərhədlər çərçivəsində mümkün olanı edə bilmiriksə, bu dilin yox, bizim problemimizdir.
Dilimiz mükəmməldir! Natamam, yarımçıq olan bizik. Yüzillər boyu əsir düşən milli ruhumuzu müstəqilliyimizin 32 ili hələ ki, azad edə bilməyib. Torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan qurtarmışıq, amma milli kimliyimizi, dilimizi, mədəniyyətimizi yox!
Əksəriyyətimiz qarşımızda başqa bir xalqın nümayəndəsini görən kimi, dərhal sınıq-salxaq bir şəkildə, kobud ləhcə ilə onunla öz dilində danışmağa çalışırıq. Təbii ki, əgər biliriksə... Məgər Azərbaycan dilində öz fikirlərini səlis ifadə edən rus xalqının nümayəndəsinə əzik-üzük rus dilində cavab verən soydaşlarımızı az görmüşük? Yaxud hər sözün sonuna “yorum” qoşub, Türkiyə türkcəsində “danışan” azərbaycanlılar az çıxıb qarşımıza? Hələ də başqalarından fərqlənmək, üstün olduğumuzu nümayiş etdirmək istəyimizi ən asan yolla, əsasən rus, bəzən isə ingilis dilində, buna imkanımız olmayanda isə Türkiyə ləhcəsində yeni ifadə tərzi “kəşf etməklə” büruzə verməyə çalışırıq. Deməli, başqalarını özümüzdən üstün sayırıq. Arazın o tayında da durum buradakından fərqli deyil. Amma bunun obyektiv səbəbləri var. Güneyli soydaşlarımızın müstəqil dövləti, ana dillərində məktəbləri yoxdur və əgər hər iki taydakı reallıqların müqayisəsini aparsaq, o zaman istisnasız olaraq, Güney Azərbaycan türklərinin Azərbaycan türkcəsinə və mədəniyyətinə bizdən daha çox sahibləndiyini, daha böyük sevgi bəslədiklərini deyə bilərik.
Milli kimliyimiz, dilimiz, mədəniyyətimiz qürurumuzdur. Azərbaycanlı, Azərbaycan türkü olmaq ilk növbədə vahid bir mədəniyyətin ayrılmaz bir parçası olmaq deməkdir. Əgər milli kimliyinlə, dilinlə, mədəniyyətinlə qürur duymursansa, milli kimliyini, dilini, mədəniyyətini büruzə verməkdən utanırsansa, deməli azərbaycanlı deyilsən. O zaman özünü zora salma, sənə hansı milli kimlik altında yaşamaq rahatdırsa, elə də yaşa... Bəzilərinə elə gəlir ki, Azərbaycan mədəniyyəti özünü bizə “mədəniyyət” adına sırınan nəsnələrdə, məişət səviyyəsində danışıq və davranış üslublarında büruzə verir. Nümunə üçün deyirəm, Rusiyanın özündə gerçək, yəni təxminən XVII əsrdən sonra formalaşmağa başlamış rus mədəniyyətinin, rus dilinin daşıyıcısı olan 20-30% adam tapa bilməzsən. Amma bu 20-30% insanın sırasına daxil olanlardan heç biri buna görə utanmır, natamamlıq kompleksinə əsir düşmür və vaxtilə mənimsədikləri alman, fransız mədəniyyətinə, dilinə üz tutmurlar.
...Bəli, çox yaxşı başa düşürəm ki, kürəsəlləşmənin milli mədəniyyətlər üçün yaratdığı problemlərdən ənənəvi vasitələrlə yayınmaq mümkün deyil. Müasir informasiya və kommunikasiya texnologiyalarının yaradıcılarının və sahiblərinin diqtə etdikləri şərtlərə və onların sürətlə dəyişən, hər gün yeni çağırışlar, yeni təhdidlər yaradan reallıqlarına Azərbaycanın və Azərbaycan türkcəsinin sərhədləri çərçivəsində müqavimət göstərmək çox çətindir. Ortaq tarix, dil və mədəniyyətin birləşdirdiyi xalqları, toplumları bir araya gətirməklə, arealı genişləndirməklə və daha böyük, həm də keyfiyyətli insan potensialı ilə bu axının qarşısında dayanmaq və hətta özünü mədəni arealımızda daha rahat hiss edən xalqların, toplumların hesabına genişlənmək də olar. Bunun üçün isə Azərbaycan, Türkiyə, Qazax, Özbək, Qırğız, Türkmən, Başqır, Noqay, Yakut, Saxa, Tıva, Kumık... türkcələrindən imtina etmək lazım deyil. Əksinə, ana dilimizi fars, ərəb, rus, fransız, alman və digər dillərdən keçən sözlərdən təmizləmək, qardaş türk xalqlarının lüğətində olan, nə zamansa istifadə etdiyimiz və unutduğumuz sözlərin hesabına zənginləşdirmək, sinonimlərin sayını artırmaq olar. Ortaq türkcənin əleyhinəyəm və bu istiqamətdə bütün cəhdləri ziyanlı hesab edirəm. Çünki ayrı-ayrı türk xalqlarının fərqlilikləri, onların arasındakı rəqabət, bütövlükdə Türk Dünyasının mədəniyyətini zənginləşdirir. Rəqabət olmayan yerdə isə inkişaf yoxdur. Zorla, süni vasitələrlə edilən nə varsa ekspansiyadır, inteqrasiya deyil!
...Biz, təssüf ki, əksər hallarda özümüzdən qaynaqlanan problemlərə görə başqalarını günahlandırmağı, müxtəlif tarixi və geosiyasi prosesləri, hətta təbiət hadisələrini belə bəhanə gətirərək məsuliyyətdən yayınmağı yaxşı bacarırıq. Uzun illərdir türk xalqlarının dil və mədəniyyət müstəvisində inteqrasiyası ilə bağlı müzakirələr aparılır, nitqlər söylənilir, amma prosesi irəliyə doğru aparacaq və hamı üçün əlçatan edə biləcək sadə bir onlayn platformanın yaradılması istiqamətində zəruri addımlar atılmır. Az qala 20 ildir bu barədə danışır və yazırıq: Türk xalqlarının dillərinin “Lingvo” platformasına inteqrasiyasını təmin etmək, yaxud buna bənzər onlayn proqramlar yaratmaq lazımdır. Başqa altenativlər də ola bilər - onlayn izahlı lüğətlər, android, iOs sistemləri üçün tətbiqlər və s. Ya zamanla ayaqlaşmalıyıq, ya da zaman bizi ayaqlayıb keçəcək...
Bu qədər...

Elçin Mirzəbəyli