• 19 Aprel 2024
logo
Avropa Komissiyası ilə Anlaşma Memerandumu uğurla icra edilir

Avropa Komissiyası ilə Anlaşma Memerandumu uğurla icra edilir

«Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələbatı da artırır. Avropanın bu məsələdə əsas ümid yerlərindən biri, əvvəlki kimi, Azərbaycandır. Bunu ayrı-ayrı Avropa dövlətləri açıq şəkildə ifadə edirlər. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutaraq enerji tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında deyib ki, təbii qaz ehtiyatlarımız özümüz və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.»
“Xalq Cəbhəsi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Kamran Bayramov qeyd edib ki, ölkəmiz regionumuzda və Avropada yerləşən böyük iqtisadi gücü və siyasi nüfuzu olan ölkələrlə həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq, enerji siyasətində də yeni bir mərhələyə qədəm qoyub.
Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də, Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir. Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib.
Bu sahədə mövcud imkanlarımız Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevriləcəyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu statistik rəqəmlər əsasında diqqətə çatdırıb. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.
Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycanda «Masdar» və «ACWA Power» kimi investorlarla birgə iki investisiya layihəsi həyata keçirilir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır. Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: «İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik.»
Ölkəmizin iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.
K.Bayramov əlavə edib ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Getdikcə həmin dövlətlərin sayı artır və onların Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının paytaxtımızda keçirilməsi və Rumıniya Prezidenti Klaus Yohannisin də bu iclaslar çərçivəsində Azərbaycana səfər etməsi ilk növbədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynaması baxımından qiymətləndirilməlidir: “Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyada hökm sürən hazırkı geosiyasi təlatümlər fonunda Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində sabitləşdirici faktor rolunu oynayır. Azərbaycanın yürütdüyü şaxələndirilmiş kəmərlər vasitəsilə enerji ixracı siyasəti eyni zamanda Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini ərsəyə gətirir. Bu isə son nəticədə hamının maraqlarına uyğundur. Bu sistemlər vasitəsilə nəql edilən karbohidrogen daşıyıcılarından bir çox dövlətlər bəhrələnə bilər. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə artıq İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixracını uğurla həyata keçirir. Həmçinin digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan həm “mavi yanacaq” almaq, həm də “yaşıl enerji” idxal etmək istəklərini bəyan edirlər. Bu ölkələrin sırasında Rumıniya da var”.
Partiya sədri bildirib ki, Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşündə qeyd etdiyi kimi Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, bu sənədlərdən biri də təbii qazın Rumıniyaya çatdırılmasına dair sazişdir ki, həmin saziş iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı bundan sonra Avropa məkanında daha bir ünvana – Rumıniyaya da çatacaq. Eyni zamanda Rumıniyanın tranzit ölkə imkanlarından istifadə edilərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək: “Həmçinin yaşıl enerjinin tədarükü istiqamətində də ölkələrimiz sıx əməkdaşlıq etməyi planlaşdırır. Bu da olduqca strateji bir layihədir. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimindəki çıxışında qeyd etdiyi kimi Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz ölkələrini yaxınlaşdıracaq və Azərbaycanın bərpa olunan enerji (“yaşıl enerji”) mənbələrindən elektrik enerjisinin Rumıniya və Macarıstan vasitəsilə Aİ-yə ötürülməsi hesabına tədarükün təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Göründüyü kimi alternativ enerji (o cümlədən, “yaşıl enerji”) mənbələri artıq günümüzün trendinə çevrilməkdədir və Azərbaycan alternativ enerji mənbələrinin istifadəyə verilməsində aparıcı rol oynayacaq ölkələrdən biridir. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabelin vasitəsilə Rumıniya da Azərbaycandan yaşıl enerji idxal edən ölkələrin sırasında yer alacaq. Beləliklə, Avropa qitəsi bizim potensial əməkdaşlıq istiqamətimiz olacaq”.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev isə qeyd edib ki, fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizi və Yaşıl Enerjinin əhəmiyyəti ilə bağlı mühüm mesajlar verdi. Ölkə başçısı qeyd etdi ki, hazırda mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı müzakirə edilən məsələlər olduqca aktualdır və bu gün enerji təhlükəsizliyi məsələsi artıq hər bir ölkə üçün milli məsələ səviyyəsinə qədər yüksəlib: “Dövlətimizin başçısı öz çıxışında real vəziyyəti konkret faktlarla, nümunələrlə izah etdi. Bu baxımdan əvvəllər Qərb dünyasının dırnaqarası baxdığı və reallaşmasına şübhə ilə yanaşdığı Cənub Qaz Dəhlizinin böyük rola malik olduğu İlham Əliyev cənabları tərəfindən vurğulandı.
Bu gün hər kəs dərindən anlayır ki, faktiki III Dünya müharibəsinə çevrilməkdə olan Rusiya – Ukrayna müharibəsi tezliklə sona çatsa belə əvvəlki geosiyasi vəziyyəti bərpa etmək uzun illər alacaqdır. Məhz bu səbəbdən bütün istiqamətlərdə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də yeni diplomatiyaya ehtiyac yaranır. Belə bir vaxtda çətin vəziyyətdə qalan Avropa zəngin enerji resurslarına malik olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Bununla yanaşı ölkəmizdə mövcud olan sabitlik və “sözümüz imzamızdır” deyən Möhtərəm Prezidentimizin qətiyyətli siyasəti bu əməkdaşlığın genişlənməsinə təkan verir. Bütün bunların fonunda Avropa İttifaqı ölkələri ilə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan razılaşmalar bu əməkdaşlığın daha da genişlənməsinə və Azərbaycanın etibarlı tərəfdaş rolunu oynamasına gətirib çıxarır. Enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirməkdədir: “Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan tərəfindən Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Bu istiqamətdə reallaşacaq layihələr Azərbaycana iqtisadi və siyasi cəhətdən əlavə stimul verəcəkdir. İnanırıq ki, nəzərdə tutulmuş beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan mühüm enerji mərkəzinə çevriləcəkdir”.
Məlumat üçün bildirək ki, Bakı 2015-ci ildən ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti 9-cu toplantısına ev sahibliyi edir.

Cavid