• 30 Mart 2023
logo
Parlamentin yaz sessiyasının ilk plenar iclası keçirilib

Parlamentin yaz sessiyasının ilk plenar iclası keçirilib

Sahibə Qafarova: “Biz terror hücumunu hər tərəfli araşdırmağa çağırırıq”

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 21 qanun layihəsi müzakirə olunub.
Spiker Sahibə Qafarova bildirib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Nəticədə səfirliyin təhlükəsiz xidmətinin rəhbəri şəhid edilib. Azərbaycan Milli Məclisi bu aktı qətiyyətlə pisləyib. S.Qafarova xatırladıb ki, deputatlar mediada bu məsələyə toxunub, terror hücumunu pisləyib: “Biz bu terror hücumunu hər tərəfli araşdırmağa çağırırıq. Terror hücumu zamanı dünyasını dəyişən səfirlik əməkdaşına Allahdan rəhmət diləyirik”.
Sahibə Qafarova əlavə edib ki, Azərbaycan parlamenti Ümumillilider Heydər Əliyevin 100 illiyi ilə bağlı xüsisi iclas keçirəcək. Spiker əlavə edib ki, əlavə yubiley tədbirləri də keçiriləcək.
Daha sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Deputat Kamran Bayramov deyib ki, İrandakı səfirliyimizə hücum dövlətimizə və diplomatlarımıza qarşı terror hücum idi. O əlavə edib ki, terror zamanı və ondak sonrakı dövürdə İranın səhlənkarlığı və terrora məişət donu geyindirməyə çalışması hiddət doğurur.
Deputat Nizami Səfərov isə deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum beynəlxlaq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir.
O qeyd edib ki, belə bir hüquqi nəticə ilk növbədə dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur. “İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən yerləşmə dövləti diplomatik nümayəndəliyin binalarının və diplomatik aqentlərin şəxsiyyətinin toxunulmazlığını və onların hər cür hücumlardan yaxud zərər vurulmasından qorumalıdır və Konvensiyanın 22-maddəsinə əsasən qeyd edilənlər yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 1961-ci il tarixli bu beynəlxalq müqavilənin beş dildə olan bütün autentik nüsxələrində məhz “xüsusi vəzifə” terminindən istifadə edilir və həmin vəzifə ən ciddi formada pozulub. İkinci mühüm məqam Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cü ildə Nyu Yorkda qəbul olunmuş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı, cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının” pozulmasıdır. Həmin beynəlxalq müqavilənin 2-ci maddəsinə əsasən diplomatik nümayəndəliyin binalarına, yaşayış yerlərinə və ya nəqliyyat vasitələrinə təhlükə yaradan zorakı hücumlar ən ağır transmilli terror cinayəti kimi qiymətləndirilir. Çoxsaylı beynəlxalq hüquq sənədlərinə, o cümlədən universal səviyyədə BMT tərəfindən qəbul edilən “Terrorçuluqla mübarizə Strateqiyasına” uyğun olaraq bu cür əməllərin hansı niyyət və ya motivlərlə törədilməsi onların terror aktı kimi tövsifinə heç bir təsir göstərmir”, - deyə o qeyd edib. N.Səfərov vurğulayıb ki, törədilmiş cinayətin istintaqına artıq başlanılmışdır və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur. “Bunları yuxarıda qeyd etdiyim Konvensiyalar, və həmçinin Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə və iki dövlət arasında “Əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" 2002-ci il 20 may tarixli Müqavilə təşkil edir”, - deyə N.Səfərov əlavə edib.
Deputat Elşad Musayev diqqətə çatdırıb ki, İranda Azərbaycan səfirliyinə xain hücuma cəmiyyətimizdə hamı münasibətini bildirdi: “Yalnız radikal müxalifətdən başqa. Onlar ağızlarına su alıb oturdular. Niyə səs çıxarmadılar? Onlar istəsələr belə danışa bilməzlər, çünki qulaqlarını kəsərlər. Girdikləri göstəbək yuvalarında oturublar”.
Deputat Elman Nəsirov vurğulayıb ki, Azərbaycan parlamentinin İranla dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılmalıdır: “Onun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır”.0 Deputat əlavə edib ki, hazırda Azərbaycan Daxili İşlər Nazirliyi ölkə daxilində İrana bağlı olanlarla bağlı tədbirlər həyata keçirir: “Mən bildiyim qədər onların sayı 40 nəfərə qədərdir”.
Millət vəkili Fəzail Ağamalı “biz İrana qarşı güzəştə getməməliyik. Çünki İran 30 ildir ki, Azərbaycana qarşı bütün kartlarını açıb”,- deyə söyləyib. O, Bildirib ki, İran bizə qarşı müharibə elan edib. O müharibəyə uyğun davranışımızı ortalığa qoymalıyıq. Deputat həmçinin təklif edib ki, Azərbaycan-İran paralamentlərarası dostluq qrupu da fəaliyyətini dayandırsın.
Deputat Fazil Mustafa isə təklif edib ki, “Soydaşlar” haqqında qanun qəbul edilsin. O, buna ciddi ehtiyac olduğunu qeyd edib. Deputat həmçinin İran məsələsi gündəmdə olduğunu nəzərə alaraq “Dini etiqad azadlığı haqqında” qanuna yenidən baxılmasını vacib sayıb: “Xümus adı altında buradan vergi yığılıb İrana gedir. Eləcədə ziyarət məsələsinə baxılmalıdır. İrana gedən ziyarıətçilərin içində kimlərisə seçirlər”.
Deputat Vahid Əhmədov “bir sıra politoloqlar mətbuatda açıqlamalarında bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbyacn onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram”,- deyə vurğulayıb. V.Əhmədov yeyib ki, müstəqillik əldə etdiyimiz vaxtdan İran şirkətlərini Azərbaycanda açıb: “Lakin İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar. İran bunu istəmirdi. İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”.
Cari çıxışlardan sonra deputatlar gündəlikdə olan məsələləri müzakirə ediblər.
Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “təklif edirəm ki, yaz sessiyasında Qərbi Azərbaycandan olan qaçqınların statusu məsələsinə baxılsın”,- deyə diqqətə çatdırıb. Deputat əlavə edib ki, bu məsələyə baxılması Qərbi Azərbaycandan olan insanların öz ata-baba torpaqlarına qayıtması üçün hazırlanan konsepsiyanı gücləndirəcək.
Milli Məclisin komitə sədri Zahid Oruc təkliflə çıxış edib: “Tarixi torpaqlar haqqında” və “Soydaşlar” haqqında qanunlar hazırlanmalıdır. Adıçəkilən qanun layihəsinin qəbulu zəruridir”.
Milli Məclis işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkməməsi ilə bağlı dəyişiklik layihəsini birinci oxunuşda təsdiq edib.
Deputat Musa Quliyev bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb. Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.
Musa Quliyev həmkarlarını qanun layihəsini dəstəkləməyə dəvət edib.

Əli