• 20 İyun 2024
logo
"İrandakı əsl müsəlmanlar hərəkətə keçib islam düşməni olan rejimi ya dəyişməli, ya da..."

"İrandakı əsl müsəlmanlar hərəkətə keçib islam düşməni olan rejimi ya dəyişməli, ya da..."

Dünən Tehrandakı səfirliyimizdə qətlə yetirilən Orxan Əsgərovun dəfnində Qafqaz Müsəlmnanları İdarəsinin rəhhbəri şeyxülislam Allahşükür Paşazadənin İrana yönəlik kəskin çıxışları cəmiyyətdə ciddi rezonans doğurdu.
Moderator.az şeyxin çıxışını şərh etmək üçün millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevə müraciət edərək aşağıdakı cavabı alıb:
"Şeyx Həzrətləri xalqımız üçün ağır zamanlarda həmişə onun yanında olub. Həmişə çalışıb ki, məşrəbindən,məzhəbindən, təriqətindən asılı olmayaraq bütün dünya müsəlmanları bir-birinn yanında olsun, sülh, əmin-amanlıq içərisində yaşasınlar. O, təkcə müsəlmanlar arasında qardaşlığın olması istiqamətində çalışmayıb, həm də fərqli dini inanclara mənsub ölkələr və xalqlar, o cümlədən onlarla müsəlmanlar arasında həmrəyliyin və əməkdaşlığın yaranması üçün yorulmadan fəaliyyət göstərib. Şeyx Həzrətləri qonşularımızla, xüsusilə şiə İranla dostluğa böyük önəm verib. Onun bu istiqamətdə, dostluğa xidmət məqsədilə etdiyi çıxışlar cəmiyyətimizdə bəzən ciddi tənqidlə üzləşib. Amma indi Şeyx Həzrətləri də görür ki, "bıçaq sümüyə dirənib". İrandakı fars şovinist rejim dostluq jestlərini zəiflik kimi qəbul edir və azərbaycanlılara münasibətdə özünün istismarçı və assimilyasiya siyasətindən əl çəkmək fikrində deyil. Hələ bu azmış kimi müsəlmanlara divan tutmuş, müsəlman tarixi abidələrini, muzeylərini dağıtmış Ermənistana bütün vasitələrlə kömək edir, iki xalq arasında sülhün yaranmasına imkan vermir. Ona görə də o haqlı olaraq deyir ki, İran bizim yox, Ermənistanın qardaşıdır. İrandakı əsl müsəlmanlar onun dedikləri barədə ciddi düşünməli və hərəkətə keçib islam düşməni olan rejimdən haqlarını tələb etməli, rejimi ya dəyişməli, ya da onun Azərbaycana yönəlik siyasətini dəyişməyə məcbur etməlidirlər.
Hesab edirəm rejimi müdafiə edən polisin gözü qarşısında və onun heç bir müdaxiləsi olmadan Azərbaycanın Tehrandakı səfirliyinin qapısının gürzlə (ağır çəkiclə) sındırılması və səfirliyin əməkdaşının avtomat silahla qətlə yetirilməsi Şeyxin məlum açıqlama ilə çıxış etməsi zərurətini yaratmışdır".
Xatırladaq ki, A.Paşazadə İranda 40 milyona yaxın azərbaycanlının İran rejiminin girovluğunda olduğunu bildirmişdi:
“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.