• 22 Oktyabr 2020
logo
Ombudsman Apparatı: Mübariz İbrahimov qəhrəmanlıq salnaməsi yazdı

Ombudsman Apparatı: Mübariz İbrahimov qəhrəmanlıq salnaməsi yazdı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.

Ombudsman Apparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, Z.İsmayılov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Biləsuvar rayonunun Əliabad kəndinə Milli Qəhrəmanın yaşadığı evə gedərək, ailəsinə baş çəkib,

Ombudsman Səbinə Əliyevanın salamlarını onun valideynlərinə çatdırıb, Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu və göstərdiyi igidlik və rəşadətdən danışıb.

Keçirilən anım tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və digər qurumların məsul əməkdaşları, KİV nümayəndələri, yerli sakinlər, müharibə veteranları, məktəblilər, paytaxt və ətraf rayonlardan gələn insanlar iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov daha sonra Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində keçirilən anım tədbirində iştirak edib. Təhsil Kompleksinin direktoru Bəhruz Mehdiyev Mübariz İbrahimovun hər bir azərbaycanlının qəlbində özünə yer tapdığını, adını əbədi yaddaşlara həkk etdiyini diqqətə çatdırıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov tədbirdə çıxış edib, Mübariz İbrahimovun qəhrəmanlıq salnaməsi yazdığını deyib.

Z.İsmayılov bildirib ki, qələbə müjdəsi olan Aprel döyüşləri bir daha sübut edir ki, xalqımızın Mübariz davamçıları hər an torpaqlarımızı azad etməyə hazır və qadirdir.

Tədbir təhsil kompleksinin akt zalında Lisey şagirdlərinin Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.