• 19 Mart 2024
logo
Britaniya telekanalı Vardanyanı niyə “vurdu?”

Britaniya telekanalı Vardanyanı niyə “vurdu?”

Ekspertlərə görə, BBC-nin Xankəndidəki erməni milyarderi Putinin adamı kimi ifşa etməsi təsadüfi deyil

Laçın-Xankəndi yolunda Qarabağın dağlıq hissəsindəki qanunsuzluqlara qarşı azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyası 45 gündür davam edir. Bugünlərdə ermənilərin ən çox hədəfinə gələn isə Ruben Vardanyandır ki, onun “xilaskar dövlət naziri” obrazı zaman ötdükcə hər gün daha çox fiaskoya uğrayır. Bütün bunların fonunda ermənilər arasında, xüsusilə də separatçılar arasında fikir ayrılıqları daha da dərinləşməkdədir.

“Dövlət naziri” Ruben Vardanyan BBC radiostansiyasının “Hard Talk” proqramında britaniyalı jurnalist Stiven Sakuraya müsahibəsində iddia edib ki, hazırkı böhranlı vəziyyətdən çıxmaq üçün onun proqramları var. “Rusiya sülhməramlılarının Laçın yolunu aça bilmədiyini, Qarabağla Ermənistan arasında münasibətlərin getdikcə pisləşdiyini nəzərə alaraq, Dağlıq Qarabağ düşmən şəraitdə ikən necə tab gətirə biləcək” sualının cavabında Vardanyan bildirib ki, belə bir şey yoxdur. “Nədən danışdığınızı bilmirəm. Bu, spekulyasiyadır, məncə, söhbətimizdə bunu müzakirə etməyin və ya ona istinad etməyin mənası yoxdur”, - o deyib.

Vardanyan Vladimir Putinlə yaxın olduğunu da inkar edərək deyib ki, belə bir iddia, həmçinin çirkli pulların yuyulmasında əli olması barədə iddialar doğru deyil. “Hazırda sizin üçün yeganə real çıxış yolu Azərbaycanla siyasi saziş əldə etməkdir, ya da Dağlıq Qarabağın erməni icması belə yaşamağın mümkünsüzlüyü və ərazini tərk etmək barədə qərar verməsidir. Hansını seçəcəksiniz - siyasi sövdələşmə, yoxsa nəticə” sualının cavabında Vardanyan deyib ki, Qarabağ ermənilərinin çıxış yolu yoxdur və onlar 1988-ci ildən öz müstəqillikləri uğrunda mübarizə aparırlar. Azərbaycanla danışıqlar ola bilər, amma Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq. “Biz özümüzü Azərbaycanın bir hissəsi kimi təsəvvür edə bilmərik”, - o deyib.

“Niyə İrəvan hökuməti Qarabağın müstəqilliyi məsələsini qaldırmır, yalnız Qarabağ ermənilərinin hüquqları barədə məsələ qaldırır” sualının cavabında Vardanyan deyib: “Biz müstəqillik hüququmuza, öz vətənimizdə yaşamaq hüququmuza inanırıq. Artsaxda yaşayanların əksəriyyəti bizim üzləşdiyimiz çətinlikləri anlayır. Onlar qalmağa və öz evlərini qorumağa hazırdırlar”.

Vardanyan Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina edib və erməniləri tək qoyan Vladimir Putinə ümid edib-etməməsi barədə sualı şərh etməyib. O, “Qarabağ əhalisi hesab edir ki, o, daha çox problem və adamların təhlükəsizliyinə qorxu yaradıb” iddialarını təkzib edib. Bəziləri onun Qarabağdan getməsini, üstəlik, elə indi getməsini istəyir. “Mən burada öz xalqımın yanında qalacağam. Hansı sınaqlar olursa-olsun, biz onlardan birlikdə keçəcəyik”, - Vardanyan deyib.

BBC-nin mövqeyi o demək deyil ki, Azərbaycanın haqq mübarizəsinə dəstəyini nümayiş etdirib. Sadəcə olaraq, Qərbdəki bəzi dairələr Rubeni ona görə Qarabağ ermənilərinin “hüquqları” uğrunda mübarizənin içində görmək istəmir ki, onun bu obrazının arxasında Moskvanın dayandığı açıq-aydın görünür.

BBC niyə onu “vurdu”? Vardanyan “artsax qəhrəmanı” ola bilməyəcəyini anladığı halda bölgəni tərk edərmi? Milyarder Putinə bağlılığını niyə inkar edir?

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Vardanyanın müsahibədə darmadağın edilməsinin əsas səbəblərini sadaladı: “Dəqiq bilinən odur ki, Rusiyada çirkli yollarla pul qazanan Ruben Vardanyanı Qarabağa Rusiya Prezidenti Vladimir Putin göndərib. Məqsəd gələcəkdə Paşinyanı devirib, Vardanyanı Ermənistanda hakimiyyətə gətirməkdir. Putin Gürcüstanda Saakaşvilini hansı yolla hakimiyyətdən uzaqlaşdırdı? Milyarder Bdzina İvanaşvilini Gürcüstana göndərməklə. Putin gördü ki, erməni xalqına rəhbərlik etmiş Köçəryan xalq arasında bütün nüfuzunu itirib. Oğru, korrupsioner kimi tanınır. Sərkisyan isə Putinin yanında inamını itirmişdi. O, prezident olduğu vaxtda Avropa İttifaqı ilə assosiativ sazişə imza atmaq istəyirdi. Bu səbəblərdən Putin öz adamı olan Vardanyanı gələcəkdə Ermənistan prezidenti etmək üçün Xankəndinə göndərib. Paşinyanı dəstəkləyən Amerika və Avropa da Putinin bu məqsədindən xəbərdardır. BBC-nin Rubenlə müsahibəsinin əsas istiqaməti onun Putinin adamı olmasını ifşa etmək idi. Müəyyən mənada məqsədlərinə çatdılar da. Vardanyanın verdiyi müsahibəni izləmişəm və onun siyasət adamı olmadığı, hazırlıqsız biri olduğu ortaya çıxdı. Həm də Paşinyan da çox istəyir ki, Ruben ifşa olunsun. Sizi inandırıram ki, Paşinyan Azərbaycana yalvarar ki, Rubeni Xankəndidə həbs edib, Bakıya gətirək. BBC-nin Vardanyanı bu vəziyyətə salmasının əsas səbəbi, qeyd etdiyim kimi, qərbpərəst Paşinyanı müdafiə etməkdir. Putinin icazəsi olmadan Vardanyan Qarabağı tərk etməyəcək. Ancaq Paşinyan da bütün imkanları ilə Vardanyanın hakimiyyətə gəlməməsi üçün əlindən gələni edəcək”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə qeyd edir ki, BBC-nin Vardanyanı küncə sıxışdırması “Hard Talk” verilişinin formatından qaynaqlanır: “Bu verilişdə qonaqlar adətən sərt suallarla üzləşir. Lakin BBC-nin bu mövqeyində Rusiya ilə geosiyasi qarşıdurmanın da təsiri var və adətən bu kimi media orqanlarının mövqeyində dövlət siyasəti ilə də uyğunlaşdırma halları baş verə bilər. Verilişdə Vardanyana ünvanlanan əsas məsələlərdən birinin məhz onun Putinlə əlaqələrinə dair olması da bu kontekstdə təsadüfi deyildi. Vardanyanın Putinlə yaxınlığı şübhə doğurmayan məsələdir, verdiyi cavablarda, xüsusilə Ukrayna müharibəsinə münasibətində də özünü ələ verdi. Eyni zamanda onun Putinə yaxın oliqarx sistemə daxil olduğu, Qarabağa da məhz Kremlin xeyir-duası ilə göndərildiyi bəllidir. Lakin Vardanyanın Putinlə əlaqəsini inkar etməsinin çox səbəbi var. Birincisi, Vardanyan "müstəqil şəxs" obrazını yaratmağa çalışır, əslində missiyası da Qarabağda erməni “vətənpərvəri” kimi fəaliyyət göstərməkdir. İkincisi, Vardanyan Putinin təkcə Qarabağ üzərində yox, ümumilikdə bölgə ilə bağlı gələcək layihəsidir və bu halda, Ruben Moskva ilə təmaslarını maksimum göstərməməlidir. Vardanyanın Qarabağa gəlişi separatçı rejimi ələ almağa və Bakının erməni əhalisi ilə təmaslarına “yeni sima” olaraq rəhbərlik etməyə hesablanıb. Qərb Bakı ilə erməni əhalisinin təmaslarını dəstəkləyir. Azərbaycan da bu mövqedədir, lakin məsələ kiminlə danışığın aparılmasıdır. Separatçı rejimin rəhbərliyinə cinayət işi açılıb və onlarla təmaslar mümkün deyil. Bu vəziyyətdə Azərbaycan erməni əhalisinin arasından fərqli nümayəndələrlə təmas qurmaq istəyir. Moskva da Vardanyanı bölgəyə göndərməklə məhz bu təmaslarda, həm də Qərbin Qarabağa dair planında təşəbbüsü ələ almaq niyyətindədir. Lakin Rusiya anlayır ki, Azərbaycan Qarabağa heç bir status verməyəcək və bu o deməkdir ki, separatçı rejimin də gələcəyi yoxdur. Vardanyanı gələcəyi olmayan layihədə istifadə etməzlər. O baxımdan, Rubenin əsas missiyası Qarabağda “mübarizə” aparmaq, daha sonra “artsax qəhrəmanı” kimi Ermənistan siyasətinə transformasiya etməkdir. Fikrimcə, onun gələcək və əsas missiyası Ermənistanda Paşinyana qarşı alternativ olmaqdır".