• 23 Fevral 2020
logo
“Amerika siyasətində yer almaq istəyən gənclərimiz var”

“Amerika siyasətində yer almaq istəyən gənclərimiz var”

Tomris Azəri: “Onların Azərbaycana səfərləri niyə təşkil edilmir?”

“Amerikada Azərbaycandan övladlığa götürülən uşaqlara doğma vətənlərini tanıtmaq çox önəmlıidir. Azərbaycanda doğulan, burada böyüyən uşaqlarımız təhsilli amerikalı ailələr tərəfindən övladlığa götürülüb. Bu uşaqlar indi kollecdə təhsil alırlar. Biz onlara doğma vətənlərini göstərmək, tanıtmaq istəyirik. Bu gənclər bizim əbədi dəstəkçilərimiz, gələcəyimizdir. Bunların çox böyük planları var. Amerika siyasətində yer almaq istəyən gənclərimiz var. Amerika Azərbaycanlılar Cəmiyyəti (ASA) bu ailələrlə 18 ildir ki işləyir. Bunlara Azərbaycanı sevdirən, öyrədən ASA-dır. Bu uşaqların Azərbaycana səfərlərini niyə təşkil edə bilmirsiniz? Fuad Muradov ilə birlikdə olan mitinqimizdə həmin uşaqların anaları da var idi. Onlar da bildirdi ki, bu məsələ uşaqlar üçün mühüm əhəmiyyət kəsb edir...”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəri səsləndirib. Tomris Azəri həmçinin digər suallarımıza aydınlıq gətirib, problemlərdən və planlardan danışıb...
-Fikrimcə, Amerikada Aərbaycan diasporunun vəziyyəti qənaətbəxş deyil. Azərbaycanın ABŞ-dakı diasporu güclü hesab edilə bilməz. Güclü diaspor anlayışı fərqli olmalıdır. Potensialımız çox yüksəkdir, ən güclü diasporlar arasında yer ala bilərik. Amma hələ gedəcəyimiz uzun yol var.

-Koordinasiya məsələləri necə həyata keçirilir? Yəni diaspor təşkilatları arasındakı əlaqələr, planlaşdırılma məsələləri, birgə tədbirlər necə təşkil olunur?

-Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin buraya səfəri zamanı məqsədlərindən biri də Amerikada Azərbaycan təşkilatları arasında koordinasiya şurası yaratmaq idi. Komitə bununla bağlı Nyu- Yorkda tədbir düzənlədi. Amerikanın bir çox yerindən azərbaycanlılar dəvət olundu. Eyni zamanda, Azərbaycanın Amerikadakı bütün diplomatik korpusları orada idi. Səfir, səfirlikdə çalışanlar, BMT nümayəndəliyi, hamı orada idi...Təzə yaradıan şura barədə daha əvvəl müəyyən qədər məlumatımız vardı və bunun Amerika Azərbaycanlılar Cəmiyyəti (ASA) üçün olmadığını bilirdik.
Son illərdə yaradılan diaspor təşkilatları çoxdur. Bu təşkilatlar nə üçün yaradıldı, missiyaları nədir heç kim bilmir. Diasporla İş üzrə Dövlət Komitəsinin təzə yaratmaq istədiyi koordinasiya şurası bəlkə bu təşkilatları birləşdirmək üçün müsbət tendensiya yarada bilər. Bunu biz də istəyirik. Amma ASA üçün olamayacağını bilirəm. Biz bura daxil olmaq istəmədik. Çünki ASA-nın ətrafında kifayət qədər dəstək verənlər var. Balaca bir təşkilat deyilik, 62 ildir buradayıq və təcrübəmiz yüksək səviyyədədir.
Biliril ki, Amerikadakı təşkilatların xaricdən istiqamət alması düz deyil. Düşmənlərımız burada bizi mikroskopla izləyirlər. Maliyyənin hardan gəldiyi daxil olmaqla, gördüyümüz bütün işləri araşdırırlar. Əvəllər milyonlar xərclənərək yaradılan Azerbaijan America Alliance, Assembly of the friends of Azerbaijan təşkilatları nə üçün yaradıldı? Azərbaycan adına müsbət fəaliyyət göstərmədilər.
Amerikada Azərbaycan adına fəaliyyət göstərən ASA kimi, dürüst, təmiz ünvanlı, 62 illik tarixə malik olan bir cəmiyyət var. Amerikalılar bu təşkilatı çox yaxşı tanıyır və hörmət edirlər.

-Təşkilatınızın mənzil-qərargah probleminiz öz həllini tapdımı?

Bunun üçün çoxsaylı variantlarımız var. Elə mərkəz yer istəyirik ki, Nyu-York, Nyu-Cersi, Filadelfiya, Vaşinqton və digər yerlərdən təşkil edəcəyimiz tədbirlərə maşınla gələ bilsinlər. Hava limanı və voğzala yaxın bir yer istəyirik. Allahın iznilə ofisizmizin təntənəli açılışı olacaq. Açılışda amerikalı hüquqşünaslar daxil olmaqla özəl qonaqlarımız olacaq. Açılış günü ASA-nın təzə strukturunu hər kəsə acıqlayacağıq. Yeni rəhbərliyin fəaliyyətə başlaması ilə bərabər, yeni idarələr yaradılacaq, gənclərə önəm veriləcək. Arxa planda biz olmaq şərtilə, yeni idarəçilərlə birgə effektiv layihələr, planlar təqdim olunacaq.
Bilirsiniz ki, ASA-nın yaradan ata-babalarımız Azərbaycan deyərək dünyalarını dəyişdilər, müstəqil olmayan dövrlərdə belə Azərbaycan bayrağını qürurla daşıdılar. Onlar öz ciblərinin pulu ilə Azərbaycan adına bina aldılar. Amma binanın təmiri üçün bizə heç kim kömək etmədi...

-Aktiv Azərbaycan təşilatları yetərincədirmi?

-Mənə elə gəlir ki, Azərbaycanda hər kəs diaspor işi ilə məşğuldur.

-Yeni nəsil azərbaycanlıların hansı problemi var? Onların vətənə bağlılıq məsələləri, xüsusilə dil problemi necə həll olunur?

-Onu bilirəm ki, burada olan yeni nəsil, köhnə nəsil, gənc, yaşlı, Azərbaycanı cox sevir. Azərbaycan vətəndir və vətənlərinə çox bağlıdırlar...Hər bir kəsin fikrinə hörmətimiz var, bizimlə eyni fikirdə olamayanlar bizim düşmənimiz deyil, hörmət etmək lazımdır. Mən onların Amerikada öz mövqelərini gücləndirmələrini, söz sahibi olmalarını istəyirəm.
Azərbaycanın daxilində olduğu kimi, xaricdə də dil problemi var. Rus dili hələ də çox istifadə olunur. Bilmirəm, bəlkə mən də sovet Azərbaycanında doğulsaydım, rus dilindən çox istifadə edəcəksim. Uşağqlarımız ana dilini mükəmməl bilməlidirlər. Xaricdə uşaq həftədə bir gün Azərbaycan məktəbinə getsə heç nə öyrənməyəcək.
Təbii ki, ASA-nın planlarında dil dərsləri proqramları da var. Uşaqlarımız Azərbaycan dilində danışa bilməlidirlər. Burada doğulan uşaqlarımızın inglis dilini mükəmməl bilmələri vacibdir. Amma ana dilini də unutmaq olmaz.

-Diaspor Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz? Yeni rəhbərlik hansı fərqli işlər görür, müsbət tendensiya varmı?

-Fəaliyyətləri barədə geniş məlumatım yoxdu. Onu deyə bilərəm ki, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra mənimlə telefonla əlaqə sxladı və birgə işləyəcəyimizi dedi. Çox məmnun oldum, təbii ki, işləyə bilərik. Amerikaya gələndə ASA üzvləri ilə ayrıca görüşdü. Bu hamımızı məmnun etdi. Özünə və onunla birlikdə gələnlərə birgə həyata keçirə biləcəyimiz layihələr barədə danışdıq.
Bunların içərisində ASA-nın 20 ildir reallaşdırmaq istədiyi bir layihə var. Nyu-Yorkta yerləşən Amerikan tarix muzeyində Azərbaycan hələ də təmsil olunmur. Bu muzeyə hər gün 5000 turist gəlir. Ölkənin təbliğatı baxımından əhəmiyyətlidir. Amma təəssüf ki, hələ də həyata keçirə bilməmişik.
İkinci bir layihə, Amerikada Azərbaycandan övladlığa götürülən uşaqlara doğma vətənlərini tanıtmaqdır. Bu məsələ ilə bağlı da əvəllər çox müzakirələrimiz olub. Azərbaycanda doğulan, burada böyüyən uşaqlarımız təhsilli amerikalı ailələr tərəfindən övladlığa götürülüb. Bu uşaqlar indi kollecdə təhsil alırlar. Onlara doğma vətənlərini göstərmək, tanıtmaq istəyirik. Bu gənclər bizim əbədi dəstəkçilərimiz, gələcəyimizdir. Bunların çox böyük planları var. Amerika siyasətində yer almaq istəyən gənclərimiz var. ASA bu ailələrlə 18 ildir işləyir. Bunlara Azərbaycanı sevdirən, öyrədən ASA-dır. Bu uşaqların Azərbaycana səfərlərini niyə təşkil edə bilmirsiniz? Fuad Muradov ilə birlikdə olan mitinqimizdə həmin uşaqların anaları da vardı. Onlar da bildirdi ki, bu məsələ uşaqlar üçün mühüm əhəmiyyət kəsb edir.
Üçüncü layihəmiz barədə danışmaq istəyirəm. Bilirsiniz ki, ASA Amerikada oxuyan azərbaycanlı tələbələrə hər il məktəb pulu üçün yardim edir, bu proqramı daha da böyütmək istəyirdik... Biz proqramımıza burada özümüz davam edəcəyik.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə işləyə bilərik. Amma bizim onlarla yox, onların bizimlə çalışmaqda maraqlı olması vacibir. Bizi dinləməlidirlər, uzun illərdir burada yaşayırıq, güclü diaporun necə yaradılmasını bilirik.
Onu da bir daha deyim ki, Diasporla İş üzrə Dövlət Komitəsi təzə yaradılanda ASA olaraq biz də onlardan 10 ildən artıq müddətdə maliyyə yardımı aldıq. Amma bunun düzgün olmadığını anladıq. Biz öz gücümüzə yüksəlməliyik. Müstəqilliyimizdən 27 il keçib, hələ də xaricdə olan bir təşkilat Bakıdan pul gözləyir. Xocalı üçün bir tədbir keçirə bilmirsə, konsert düzənləmək, bayram qeyd etmək üçün üçün pul gözləyirsə, sonra da bütün Azərbaycan mediasında “tədbir təşkil etdim”, deyə təbliğat aparılması nə dərəcədə düzgündür? Belə teşkilat niyə qurulub, mssiyası nədir? Öz vəsaitimizlə təşkilatlanmalıyıq.
Son olaraq deyim ki, daim Azərbaycanın uğurunu duymaq, Azərbaycanı dünyanın ən güclü dövlətləri arasında görmək, Azərbaycan diaspor təşkilatlarını ən böyük diaspor təşkilatları arasında olmasını istəyirik. Potensialımız böyükdür və bir gün reallaşacağına inanırıq. Yasaşın Müstəqil Azərbaycan!

Əli Zülfüqaroğlu