• 27 İyul 2024
logo
Vardanyanın BBC-yə müsahibəsi: diqqətçəkən məqamlar nədən ibarətdir?

Vardanyanın BBC-yə müsahibəsi: diqqətçəkən məqamlar nədən ibarətdir?

Ruben Vardanyanın BBC-yə müsahibəsində səsləndirdiyi fikirlər onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını bir daha ortaya qoydu. Vardanyan Rusiya, Rusiya-Ukrayna müharibəsi ilə bağlı məqamlarda suallardan yayınması, tutarlı suallar qarşısında aciz qalması, çaşqınlıq yaşaması hər şeyi ortaya qoyur.
Bu məsələ ilə bağlı ekspertlər fikirlərni “Xalq Cəbhəsi”nə bölüşüblər.
Siyasi şərhçi Asif Nərimanli bildirdi ki, Ruben Vardanyanın BBC-nin “Hard Talk” verilişində jurnalist Stiven Sakurun suallarına verdiyi cavablar özünü ifşa hesab edilə bilər: “Xüsusilə bu şəxs öz sözləri ilə Rusiyanın layihəsi olduğunu, məqsədinin erməni əhalisinin maraqları olmadığını təsdiq etdi. Misal üçün, jurnalist Qarabağda ermənilərin ona etiraz etməsindən nümunə gətirir və bunun səbəblərini soruşur. Ruben bunu “boşboğazlıq” adlandırır və bununla təsdiq edir ki, o, qondarma “dövlət naziri” kimi diktatura vəziyyəti yaradıb, erməni əhalisinin Bakıya üz tutmasına, yaxud bölgəni tərk etməsinə qarşı sərt addımlar atır. Əslində Rubenin verdiyi qərarlar da bunun nümunəsidir və artıq ona qarşı etirazlar irəli sürülür”.

Vardanyan üçün “soyuq duş” effekti

Ekspert əlavə edib ki, digər tərəfdən, Ruben öz iddiasını özü təkzib edir və bununla əslində isterik vəziyyətdə olduğunu ələ verir: “Əvvəlcə iddia edir ki, Laçın yolundakı aksiya Azərbaycanın xüsusi əməliyyatıdır, daha sonra jurnalistin “sülhməramlılar niyə yolu açmır” sualına cavabında bildirir ki, “çünki aksiya iştirakçıları ekofəallar və mülki şəxslərdir”.
Detallardan biri də onun Rusiyanın adamı olduğunu öz dili ilə təsdiq etməsidir. Ukrayna müharibəsi haqda suala cavabında Moskvanı ittiham etməkdən yayınır və açıq şəkildə bildirir ki, lazım olarsa, Rusiyanın işğalçılıq müharibəsini dəstəkləyə də bilərlər.
Müsahibədə Vardanyanın özünü ifşa etdiyi belə detallar kifayət qədərdir. Ümumilikdə bu müsahibə və Rubenin cavabları Ruben nə qədər bəsit və dayaz biri olduğunun ispatı hesab oluna bilər. Fikrimcə, müsahibə Ruben Vardanyan üçün “soyuq duş” effekti yaratdı.

“Qarabağda əbədi qalmayacaq”

Politoloq Turan Rzayev isə dedi ki, erməni milyarder Ruben Vardanyanın BBC-nin “Hard Talk” proqramına müsahibəsi bir çox baxımdan diqqət çəkir: “Belə ki, Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb, bəzi suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib". T.Rzayev bildirdi ki, məsələn müsahibə zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu: "Belə ki, “Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.
“Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, – o deyib.
Vardanyan “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərkən əslində özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu. Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sərkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi.
Məsələ ondadır ki, Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər.
Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur.
Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir.
Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik".

Əli Zülfüqaroğlu