• 20 Fevral 2020
logo
“Can Azərbaycanda bir millətin Millət Vəkilləri seçildi” -Hulusi Kılıç

“Can Azərbaycanda bir millətin Millət Vəkilləri seçildi” -Hulusi Kılıç

"İnanıram ki, can Azərbaycanda aparılan islahatlar çərçivəsində fevralın 9-da Milli Məclisə keçirilən seçkilər qardaş ölkənin inkişafına mühüm təsir göstərəcək"
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
Nüfuzlu diplomat həmçinin yeni seçilən deputatların "2020-ci ilin Qarabağ probleminin həlli" ili elan olunması üçün əllərindən gələni əsirgəməyəcəyinə inandığını deyib:
“Qardaş Azərbaycanda parlament seçkilərini hər daima yaxından izlədim. Çox gözəl seçki keçirildiyini düşünürəm. Qardaş Azərbaycan xalqı həm Azərbaycana, həm də Türkiyəyə xidmət edəcək Millət Vəkilləri seçdi. Seçilən deputatlara uğurlar arzu edirəm. Azərbaycan xalqını təbrik edirəm və inanıram ki, seçimlərində yanılmayacaqlar. Düşünürəm ki, yeni çağırış parlament Azərbaycan dövlətçiliyinin inkişafına mühüm töhfələr verəcək. Yeni parlament öz fəaliyyəti ilə ölkədə aparılan islahatlara, Azərbaycanın daha da inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması istiqamətində görülən işlərə töhfə verəcək . Yəni bu, Azərbaycanın daha da inkişafı üçün yeni bir başlanğıcdır. Can Azərbaycan xalqı ən yaxşılarına layiqdir.
Cənab prezident İlham Əliyevin apardığı islahatlar parlament seçkiləri ilə tamamlanmış oldu. Düşünürəm ki, islahatların parlament seçkilərindən yan keçməməsində çox fayda var. Çünki gənc və savadlı, millətə xidmət edəcək yeni namizədlər gördüm. Bundan sonra daha aktiv və yararlı Milli Məclis gözləyirəm.
Milli Məclis Qarabağ problemi üzərində daha çox çalışmalıdır. "2020-ci il Qarabağ probleminin həlli" ili elan olunmalıdır. Bunun üçün Türkiyə hər daim yanınızdadır.
Biz hər zaman can Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq. Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq hər zaman olduğu kimi, bundan sonra da davam etdiriləcək. Çünki biz qardaşıq, biz bir ailəyik. Biz bu problemi birlikdə həll edəcəyik. Azərbaycan və Türkiyə bayraqları tarix boyu yanaşı dalğalanıb və “bir millət, iki dövlət” şüarı altında hər zaman da belə olacağına ümid edirəm."