• 28 Oktyabr 2020
logo
Aydın Mirzəzadə: ATƏT-in seçki ilə bağlı mənfi rəy açıqlaması əvvəldən hazırlanmış plandır

Aydın Mirzəzadə: ATƏT-in seçki ilə bağlı mənfi rəy açıqlaması əvvəldən hazırlanmış plandır

ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyasının Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı mənfi rəy açıqlaması əvvəldən hazırlanmış plandır.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) və AŞPA-nın uzunmüddətli müşahidə missiyasının fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı açıqladığı rəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası seçkinin nəticəsi barədə danışarkən fakt ortaya qoymur.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan ildən-ilə seçki prosesini təkmilləşdirir, seçkidə daha çox namizədin iştirakı və onların təbliğatı üçün şərait yaradır. Bununla yanaşı, ölkəmizdə 1000-dən çox məntəqədə veb-kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə nəinki Azərbaycanda, dünyanın istənilən nöqtəsindən ölkəmizdə gedən seçki prosesini izləmək mümkündür:

“Amma bütün bunlara baxmayaraq, ATƏT-in seçkiyə mənfi rəy verməsi qərəzlidir. ATƏT əvvəlki seçkilərdə də bir qayda olaraq, Azərbaycana mənfi qiymət verib. Təəssüf edirəm ki, Azərbaycanın seçki ilə bağlı özünün təcrübəsini artırmasına, proseslərin demokratikləşməsinə baxmayaraq, xaricdən müəyyən dairələr Azərbaycanla bağlı həmişə mənfi rəy verməyə meyillidirlər”.

47 saylı Mingəçevir Seçki Dairəsindən namizədliyi verilən A.Mirzəzadə seçkidə 11 rəqibinin olduğunu, onların çoxunun radikal müxalifət nümayəndəsi olduğunu nəzərə çatdırıb:

“Bütün bunlara baxmayaraq, rəqiblərim üçün nə seçki təbliğatı dövründə, nə də seçki günü ərzində bir problem yaradılmayıb. Onların müşahidəçilərinə də seçki prosesini izləmək imkanı verilib. Həmin müşahidəçilər qutular açılandan protokol bağlanana qədər bütün prosesləri qeydiyyata alıblar. Mənim namizədliyim verilən 30 məntəqənin heç birində qanun pozuntusu qeydə alınmayıb. Tək bir dairənin timsalında bunları açıqlayaraq demək istəyirəm ki, ümumilikdə seçkidə hər hansı qanun pozuntusunun baş verməsindən söhbət gedə bilməz”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.