• 31 Oktyabr 2020
logo
Elmar Məmmədyarov Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri ilə görüşüb

Elmar Məmmədyarov Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə ətraflı fikir mübadiləsi aparıldı və ölkələrimiz arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbət zamanı nazirlər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, Azərbaycan və Avstriyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi müzakirə edilib.

Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran E.Məmmədyarov ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, humanitar və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Avstriya şirkətlərinin Azərbaycanda əməkdaşlıq imkanlarına toxunularaq Azərbaycan ilə Avstriya arasında iqtisadi əməkdaşlığın gündən-günə möhkəmləndiyi və 60-a qədər Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi bildirilib.

Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirilib.

Eyni zamanda, görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub və bu əlaqələrin inkişafına dəstək ifadə edilib.