• 21 Oktyabr 2020
logo
İddia olunan qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq - Rövzət Qasımov

İddia olunan qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq - Rövzət Qasımov

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "Qaynar xətt"inə 280-ə yaxın müraciət daxil olub.

Bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. Onun sözlərinə görə, bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var:

"Qaynar xəttə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə, diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat addımların, hətta kəskin qərarların şahidi ola bilərsiniz”.

Sədr müavini əlavə edib ki, iddia olunan qanun pozuntular araşdırılmalıdır:

“Nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.