• 21 Oktyabr 2020
logo
Belaruslu müşahidəçi: Seçki kampaniyası maksimum rahat şəraitdə keçib

Belaruslu müşahidəçi: Seçki kampaniyası maksimum rahat şəraitdə keçib

Azərbaycanı uğurlu seçki kampaniyası münasibətilə təbrik edirəm.

Bunu MDB müşahidə missiyasının Belarusdan olan nümayəndəsi Lidiya Yermoşina deyib.

O bildirib ki, seçkilərdə ictimai etimad mühitində keçib və bunu seçki kampaniyası müddətində daxil olan şikayətlərin azlığı təsdiq edir:

“Adətən parlament seçkiləri çətin və münaqişəli keçir, amma Azərbaycanda bu baş vermədi. Bu fakt onu göstərir ki, seçki kampaniyası maksimum rahat şəraitdə keçib”.

O, həmçinin seçkilərdə çoxlu sayda müşahdəçinin iştirak etdiyini vurğulayıb:

“Belarusda seçki məntəqələrinin sayı çoxdur, amma müşahidəçilərin sayı 40 min nəfər təşkil edir. Azərbaycanda isə seçki məntəqələri az olsa da, müşahidəçilərin sayı 77 900 nəfər olub”.

Belaruslu müşahidəçi əlavə edib ki, seçkilər mütəşəkkil, uğurlu, sakit keçib və bu amil parlamentə ictimai etimad üçün əsas olacaq.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.