• 27 İyul 2024
logo
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri

Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Azərbaycanın ərəb dövlətləri ilə çox gözəl münasibətləri var.

Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədridir və demək olar ki, bütün ərəb ölkələri bu birliyin üzvüdür və onlar beynəlxalq çərçivədə bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, sonuncu dəfə Fransa BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizi ilə bağlı məsələ qaldırdıqda məhz Birləşmiş Ərəb Əmirlikləri buna ciddi şəkildə etiraz etdi. Bunun nəticəsində Fransa öz təklifini geri çəkdi.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Təbii qaz ixracımız– 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq;

“Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. Azərbaycan və ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri bütün beynəlxalq platformalarda bir-birini müdafiə edir və bu, davam edəcək, dostluq, qardaşlıq getdikcə inkişaf edir.

Rafiq İsayev
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini