• 24 Oktyabr 2020
logo
TÜRKPA müşahidə missiyası: Proses tam demokratik keçirildi

TÜRKPA müşahidə missiyası: Proses tam demokratik keçirildi

Fevralın 9-da parlamentə keçirilən seçkilərlə əlaqədar TÜRKPA müşahidə missiyası mətbuat konfransı keçirib.

TÜRKPA-nın baş katibi Altunbey Mamayusupov parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyi bildirib: "Bu, bizim Azərbaycanda 5-ci seçki müşahidəmizdir. Seçkilərdən 2 gün əvvəl Azərbaycana gəldik və seçkiyə hazırlığı müşahidə etdik. Proses tam demokratik keçirildi".

Missiyanın rəhbəri İsmət Uçma seçki məntəqələrində müşahidələr apardıqlarını bildirərək məntəqələrdə siyasi fəallığın müşahidə olunduğunu əlavə edib. O qeyd edib ki, namizədlər üçün əlverişli şərait yaradılmışdı: "Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər".

Missiyanın rəhbəri qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) məcburi köçkünlərin də öz seçim hüquqlarından istifadə etməsi üçün şərait yaradıb: "Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə gəlmələrini görmək çox həyəcanlandırıcıdır.

Səfər zamanı Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və MSK sədri Məzahir Pənahovla görüşdük. Görüş zamanı seçkiyə hazırlıqla maraqlandıq. Azərbaycanda seçkilər Konstitusiyaya uyğun həyata keçirilir. Namizədlərə kampaniya aparmaq və seçicilərlə görüş üçün bütün şərait yaradılıb. Namizədlərin qeydiyyata alınması, təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər şərait yaradılıb. Təəssüf ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır.

Seçkilərə gənclərin və qadınların namizəd kimi qoşulması yüksək nəticədir. Bu, seçkilərə olan inamın artdığını göstərir. Müşahidəmizin nəticəsi olaraq qərara gəlirik ki, seçki tam şəffaf şəraitdə keçib, seçki prosesi tam normal təşkil olunub. Namizədlərin müşahidəçilərinə lazımi şərait yaradılıb. Azərbaycan parlament seçkilərini tam demokratik keçirdi. Yeni parlament Azərbaycan xalqı üçün xeyirli olsun".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.
Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.
Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.