• 22 Oktyabr 2020
logo
ADRA kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

ADRA kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

Bu gün ADRA kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar II Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

ADRA-nın mətbuat xidmətindən verilən məlumata əsasən, Mübariz İbrahimovun məzarı üzərinə tər çiçəklər düzülüb, onun igidliyindən danışılıb, şəhidliyin ən uca zirvə olduğu vurğulanıb.

Qeyd edilib ki, Mübariz İbrahimovun təkbaşına düşmənin xeyli qüvvəsini məhv etməsi və şəhidlik zirvəsinə ucalması Azərbaycan əsgərinin və bütövlükdə xalqımızın torpaqlarımızın işğalı ilə barışmayacağını bir daha göstərir.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Sonradan könüllü olaraq hərbi hissələrin birində gizir kimi xidmətə başlayıb. 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni əsgər və zabitini məhv edərək, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!