• 20 İyun 2024
logo
Laçın-Xankəndi yolu: Vətənə gərəkli 27 gün – TƏHLİL

Laçın-Xankəndi yolu: Vətənə gərəkli 27 gün – TƏHLİL

Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 27 gündür davam edir.

AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Laçın-Xankəndi yoluna gələn könüllülər həmişəki kimi, bu dəfə də yeni günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Aksiya iştirakçılarının şüarları yenilənir

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəallarının bir çox şüarları da yenilənib. Onlar qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qətiyyətin soyuq üzü

Şuşanın sərt və soyuq havası etirazçıların tələbkarlığına heç bir əngəl yaratmır. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir. Etirazçıların qətiyyəti də tələbkarlıqları kimi sərtdir.

Gecə saatlarında olduğu kimi, səhər də aksiyada təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident yaşanmayıb. Etirazçıların toplaşdıqları ərazidən keçən yolda sərbəst hərəkətə maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Dünən gün ərzində Rusiya sülhməramlılarına məxsus 26 avtomobil ərazidən sərbəst keçib. Bu gün səhər saatlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus dörd avtomobilin aksiya ərazisindən keçidi təmin olunub. Bu günədək ərazidə həm sülhməramlılara, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid avtomobillərin hərəkəti üçün şərait yaradılıb. Aksiyanın təşkil olunduğu ərazidən ermənilər də humanitar məqsədlər üçün istifadə edə bilirlər. Bu da onu göstərir ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarına heç vaxt biganə qalmır.

İyirmi dörd saat sərvətlərin keşiyində

Bu barədə Azərbaycan tərəfinin rəsmi bəyanatlarında da məlumatlar yer alır. Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddiaların heç bir əsası yoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekoloji fəalların keçirdikləri bu aksiya Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. Ancaq Ermənistan Xarici İşlər Nazirliyinin dəfələrlə bu dinc aksiyaya siyasi don geyindirmək və onu təhrif etmək cəhdi hər zaman fiaskoya uğrayır. İyirmi yeddi gündür müşahidə etdiyimiz mənzərə onu göstərir ki, bu gün Azərbaycan cəmiyyəti ona məxsus olan sərvətlərin 24 saat keşiyini çəkir, öz tələb və istəklərini beynəlxalq hüququn norma və prinsiplərini pozmadan dilə gətirir.

Aksiyada qoyulan tələblərin dərhal yerinə yetirilməsi üçün Rusiya sülhməramlılarının üzərinə böyük məsuliyyət düşür. Onlar bunu dərk etməli, fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Azərbaycan cəmiyyəti öz məsuliyyət payını düşündüyü kimi, qarşı tərəf – Ermənistan tərəfi və sülhməramlılar da buna cidd-cəhdlə riayət etməlidirlər.

Vətənə gərəkli 27 gün

Aksiya iştirakçıları haqlı tələblərində nikbindirlər. Bildirirlər ki, tələblərindən irəli gələn son nəticə əldə olunana qədər bir addım da geri çəkilməyəcəklər. Onlar son nəticənin ölkəmizin maraqlarına uyğun şəkildə həll olunacağı düşüncəsindədirlər. Ən azından bu şaxtalı havada dözümlü olduqları qədər inamlı, ümidli görünmələri bunu deməyə əsas verir. Fəalların qətiyyəti, yüksək iradə nümayiş etdirmələri onların yorulmadıqlarını, heç nədən usanmadıqlarını göstərir. Könüllülərin yüksək vətənpərvərliyi, xalqa, doğma torpağa sevgi və bağlılıqdan irəli gəlir. Görünən odur ki, vətənpərvərlik əzmi və dövlət sevgisi Vətənə gərəkli bu 27 gündə gənc könüllülərin ruhunu diri tutan, onlara mənəvi-psixoloji baxımdan güc verən ən başlıca amildir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

müxbir Ceyhun Alışlı

fotomüxbir Aydın Məmmədov