• 29 Oktyabr 2020
logo
AŞ(B)PA(Z)-ın böhtan qazanı

AŞ(B)PA(Z)-ın böhtan qazanı

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası, ənənəsinə uyğun olaraq, feralın 9-da gerçəkləşəcək mühüm siyasi hadisə öncəsi ölkəmizə qarşı qərəzini və riyakar münasibətini nümayiş etdirib.
AŞ PA-nın məlum qətnaməsinin şərhindən öncə, bir mühüm məqama diqqət çəkmək istəyirəm: Ötən ilin sentyabrında, AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirorun Azərbaycana səfəri ərəfəsində özünü “Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı adlandıran qurum 117, özünü “Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup” adlandıran qurum isə 119 “siyasi məhbus”un siyahını yaymışdı. Bu “siyahı” ətrafında yaradılan süni ajiotaj isə sübuta yetirirdi ki, proses mərkəzləşdirilmiş qaydada aparılır və Torhildur Sunna Evarsdottiroru Azərbaycana göndərənlər öz nüfuz müvəkkilərinin vasitəsilə ölkəmizə qarşı yönəlmiş məruzə və onun əsasında qəbul ediləcək qətnamə üçün zəmin hazırlayırlar. Bu, bir sıra Qərb institutlarının uzun illərdən bəri istifadə etdiyi iyrənc siyasi texnologiyadır. Məruzədən də, qətnamədən açıq-aşkar görünür ki, ortalıqda birtərəfli və qərəzli bir yanaşma var. Həm nüfuz müvəkkilərinin “siyahıları”, həm də Torhildur Sunna Evarsdottirorun məruzəsi öncədən koordinasiya olunan işbirliyinin nəticəsidir. Xatırladım ki, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan nüfuzlu hüquq müdafiəçiləri də bu siyahılara olduqca sərt reaksiyalar vermişdilər. Amma onların münasibəti qəbul olunan qətnamədə öz əksini tapmayıb və bu faktın özü də prosesin öncədən planlaşdırılmış təzyiq elementi olduğunu sübuta yetirir. Bunla yanaşı, qeyd etmək istəyirəm ki, beynəlxalq hüquqi sənəd sayılan heç bir beynəlxalq konvensiyada “siyasi məhbus” anlayışı yoxdur. Hətta insan hüquqları ilə bağlı əsas istinad mənbəyi olan “Vətəndaş və siyasi hüquqlar haqqında” Pakt və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın özündə də “siyasi məhbus” anlayışı ilə bağlı konkret termin və müəyyənləşdirmələr yoxdur. Yalnız Beynəlxalq Amnistiya kimi qlobal güclərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirən təşkilatlar “siyasi məhbus” anlayışını öz maraqlarına və strateji məqsədlərinə uyğun şəkildə tövsif edirlər. Avropa Şurası Parlament Assambleyasının bununla bağlı 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnaməsi var. Qətnamədə qeyd olunur ki, bir sıra təşkilatlar, siyasətçilər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən geniş istifadə olunan belə terminlərlə bağlı aydın və dəqiq müəyyənləşdirmə aparılmalıdır. 1900 saylı qətnamə tövsiyə xarakterlidir və “siyasi məhbus” anlayışının dəqiq sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı normativ hüquqi aktların qəbul edilməsi quruma üzv olan ölkələrin öhdəsinə buraxılır. Nəinki Azərbaycanın, hətta Avropa məkanında daxil olan ölkələrin qanunvericilik akrlarında belə dəqiq sərhədləri müəyyənləşdirməmiş bir siyasi terminin hüquqi anlayış kimi ifadə olunmasının düşünürəm ki, AŞ PA-nın öz prinsipləri ilə daban-dabana ziddir. O ki qaldı həbslərində siyasi motivlərin olduğu iddia edilən şəxslərlə bağlı məsələyə, belə siyahıların kimlərin mətbəxində hazırlandığı bəllidir. Və belə “siyahıların” məhz indi gündəmə gəlməsinin əsas səbəblərindən biri də dövlətimizə qarşı genişlənməkdə olan təbliğat kampaniyasının arxasında dayanan daxili və xarici düşmənlərimiz üçün bəhanələr yaratmaqdan ibarətdir. Bu texnologiyadan Azərbaycana qarşı artıq uzun müddətdir ki, istifadə edilir. Prosesin arxasında korporativ daxili və xarici maraqlar da var, şübhəsiz. Bir çoxları “siyasi məhbus” məsələsi üzərindən özünə biznes qurub. Şəxsiyyət əleyhinə ağır cinayət törətmiş, ölkənin konstitusiya quruluşunu dəyişməyə çağırışlar edən, dövlətə silah qaldıran şəxslərin adlarının belə siyahılara salınması da bunu sübuta yetirir. Sizi əmin edirəm ki, əgər Azərbaycanda adları belə siyahılarda yer alan şəxslərin hamısı əfv, amnistiya, yaxud məhkəmə qərarlarından sonra azadlığa buraxılsalar belə, bir neçə aydan sonra biz təxminən eyni sayda insanı əhatə edən siyahıların ortaya çıxmasının şahidi olacağıq. Necə ki, oluruq. Sonuncu əfvdən öncə ölkəmizdə 100-dən artıq ”siyasi məhbus"un olduğu iddia edilirdi. Belə siyahılarda adları yer alan 50-dən çox insan əfv olundu. Amma görürsünüz, say yenə 100-dən aşağı düşmür. Sanki bunlara xüsusi tapşırıq verilib ki, “şkalanı” 100-ün üzərində saxlasınlar. Söz və fikir azadlığı ilə bağlı iddialara gəldikdə isə, ölkəmizdəki reallıq göz önündədir. Əhalisinin sayı 10 milyon olan Azərbaycanda təkcə Feysbuk istifadəçilərinin sayı 3 milyon 593 min nəfərdir və onların əksəriyyəti ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, öz baxışlarını açıq şəkildə ifadə edirlər. Azərbaycanın kütləvi informasiya vasitələri də həmçinin, fərqli düşüncələrə və dünyagörüçlərinə açıqdır. Jurnalistlərə mənzillərin verilməsinə gəldikdə isə, burada söz və fikir azadlığına xələl gətirən hər hansı bir məqam yoxdur. KİV üçün inşa edilən binalarda mənzil alan jurnalistlərin arasında hakimiyyətə qarşı sərt tənqidi yazılarla çıxış edənlərin sayı kifayət qədərdir. Və bu da təbii qəbul olunmalıdır. Çünki dövlət mənzil qarşılığında heç bir KİV nümayəndəsinin qarşısına şərt qoymayıb. Bu layihə jurnalsitlərin mükafatlandırılması üçün deyil, onların sosial problemlərinin həlli üçün nəzərdə tutulub. Yəni sosial layihədir. Bu gün əksər Avropa ölkələrində dövlət və dövlətə bağlı olan fondlar kütləvi informasiya vasitələrinə onmilyonlarla avro vəsait ayırır. Azərbaycanda mediaya dəstəyin mexanizmləri də beynəlxalq təcrübə əsasında formalaşıb. Necə olur ki, onlarda KİV-ə verilən dəstək “söz və fikir azadlığı”nın inkişafına, bizdə isə məhdudlaşdırılmasına xidmət edir? Bütün bunlar bəhanədən başqa bir şey deyil. Məqsəd Azərbaycana təzyiq göstərmək, ölkəmizin beynəlxalq nüfuzunu zədələmək, dövlətimizi zəif salmaq, islahatlara mane olmaqdan ibarətdir. Heç kim, o cümlədən Azərbaycana qarşı açıq təxribat kampaniyası aparanlar ölkəmizin daha da güclənməsində, inkişaf etməsində maraqlı deyillər. Çünki daha güclü Azərbaycanı təslimçiliyə sövq etmək, ondan bu və ya digər geosiyasi oyunlarda alət kimi istifadə etmək mümkün deyil.
Avropa Şurasında deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir, dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Məhz bu səbəbdən, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır.
Bu prosesin davam etməsi isə, öz prinsiplərindən uzaq düşən, ayrı-ayrı qüvvələrin əlində “yumşaq güc” elementinə çevrilən AŞ PA tamamilə iflasa uğraya, nəticədə həmin qüvvələrin məşvərət klubuna çevrilə bilər.
Avropa Şurası düşünməlidir ki, Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır.

Elçin Mirzəbəyli
Siyasi analitik, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru