• 27 Oktyabr 2020
logo
Kölgə iqtisadiyyatı ilə mübarizə uğurlu sosial islahatların, vətəndaş cəmiyyətinin inkişafının təminatıdır

Kölgə iqtisadiyyatı ilə mübarizə uğurlu sosial islahatların, vətəndaş cəmiyyətinin inkişafının təminatıdır

Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadi resursların ədalətli paylanmasının, uğurlu sosial islahatların, vətəndaş cəmiyyətinin inkişafının təminatıdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında dediyi kimi, bu il ölkə iqtisadiyyatı kölgədən tam çıxmalıdır, bütün sahibkarlar vergiləri ödəməlidirlər, kölgə iqtisadiyyatına son qoyulmalıdır.

Dövlət başçısının səsləndirdiyi məlumatlara əsasən, bu sahədə keçirilmiş islahatlar sayəsində 2019-cu ildə vergi və gömrük orqanları dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsaitin daxil olmasını təmin ediblər. Bu qeyd olunan orqanların fəaliyyətinin şəffaflığının təmin olunması, rəqəmsallaşma mexanizmlərinin tətbiqi, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi və kadr islahatları sayəsində mümkün olub. Qısa müddət ərzində vergidən yayınma, bəyan olunmayan yüklərin daşınması, qeyri-kassa ödənişləri və digər mənfi halların qarşısını almaq mümkün oldu. Dövlət başçısı müvafiq strukturlara dəqiq və birmənalı ismarış verdi: “Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur”.

Bu istiqamətdə nailiyyətlər davam edir və bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar.

Bütün bunlar sevindirməyə bilməz, amma bu istiqamətdə hələ çox iş görülməlidir. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi rüşvətxorluğun iki tərəfi var: alan və verən. Bu gün Azərbaycanda sahibkarlar üçün nəhəng imkanlar yaradılıb və ona görə də dövlət onlardan vicdanlı olmağı, ədalətli işləməyi, pozuntulara yol verməməyi, vergilərdən yayınmamağı tələb edir. Bu gün əsas məqsədlərdən biri sahibkarların köhnə sxem və stereotiplərlə işləməyin mümkünsüzlüyünü dərk etməsinə nail olmaqdır, onlar öz bizneslərini kölgədən tamamilə çıxarmalıdır. Ancaq bu cür qlobal sosial təşəbbüsləri reallaşdırmaq və Azərbaycan əhalisinin rifahının yüksəlməsini təmin etmək mümkündür. Bu sahədə Prezident İlham Əliyevin öz çıxışında toxunduğu digər mühüm problem işəgötürənlə işçi arasındakı münasibətlərdir. Dövlət başçısının sözlərinə görə, sahibkarlar qaydaların nədən ibarət olduğunu indi bilirlər və bu qaydalar da çox sadədir: “Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər”.

İşəgötürənin işçiləri qanunla müəyyən olunmuş vaxtdan çox işlətməsi ilə bağlı hallar qeydə alınır. Bu hal qəbulolunmazdır. Dövlət başçısı Nazirlər Kabinetinə bu sahədə vəziyyəti nəzarətə götürməyi, bununla bağlı xüsusi müşavirə keçirməyi tapşırıb. Müvafiq dövlət strukturları, ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövcud əmək qanunvericiliyinin normalarına əməl olunmasına və əmək mühafizəsinə daim nəzarət etməlidir, sui-istifadə hallarının qarşısını sərt şəkildə almalıdır.

Bu kontekstdə digər vacib məqam əmək münasibətlərinin 100 faiz leqallaşmasını təmin etməkdir. 2019-cu ildə ölkədə keçirilmiş islahatlar nəticəsində əmək müqavilələri 161 minədək artıb, bunlardan 96 mini özəl sektorda bağlanıb. Bu, qeyri-leqal əmək münasibətləri hallarının azalması, digər sözlə, kölgə iqtisadiyyatının nisbətən aradan qalxmasının göstəricisidir. Amma, təəssüf ki, problem tam aradan qaldırılmayıb. Bununla bağlı vətəndaşlar özləri də mövqe bildirməlidir. Prezident İlham Əliyev onlara müraciət edərək deyib: “İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz”.

Dövlət başçısının sözlərinə görə, hər kəs xalq qarşısında, dövlət qarşısında məsuliyyətini dərk etməlidir – həm sahibkarlar, həm də bunlara göz yuman məmurlar. Bunun üçün yeni meyarlar tətbiq olunmalıdır, o zaman hər bir kəs gördüyü işlərə görə qiymətini, mükafatını və ya cəzasını alacaq.