• 26 Oktyabr 2020
logo
Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı aparılan araşdırmaların nəticələri açıqlandı

Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı aparılan araşdırmaların nəticələri açıqlandı

Resurs Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən siyasi eksert Rasim Quliyev bildirib ki, rəhbərlik etdiyi Mərkəz ötən ilin avqustunda qeydiyyatdan keçib: "Təşkilatın məqsədi ölkədə, dünyada və regionda baş verən hadisələrin tədqiqatını aparmaq, bu hadisələri analiz etməkdir.

Mərkəzin tədqiqat mövzularından biri olan parlament seçkiləri ilə bağlı araşdırmalarımız var və bu zamanı maraqlı faktlar ortaya çıxıb. Keçən dövr ərzində apardığımız tədqiqatlarda bir çox nəticə əldə olunub. Builki parlament seçkilərində 5 milyon 238 min seçici qeydiyyata alınıb. Seçkidə çox sayda namizəd qeydə alınıb. Əvvəlki seçkilərdə sistem başqa idi. Bu sistemdə keçirilən seçkidə namizəd seçicilərlə birbaşa ünsiyyətdə olmalıdır. Bu müddət ərzində artıq seçici mədəniyyəti formalaşıb.

Məsələn, 2005-ci il parlament seçkilərində seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub.

Keçən il bələdiyyə seçkilərində isə 32,2 faiz seçici fəallığı olub. Bu isə onu göstərir ki, bələdiyyə institutu ölkədə yeni olduğundan, seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".

Siyasi ekspert bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəz tərəfindən bir çox dairələrdə aparılan araşdırmalar göstərir ki, bu dəfəki seçki də standartlara cavab verir: "Seçki daim yenilənən texnologiyadır. Hətta ən inkişaf etmiş, inkişaf etməmiş və inkişafda olan ölkələrdə də seçki daim inkişaf edən mexanizmdir. Azərbaycanda ucqar kəndlər istisna olmaqla, bütün məntəqələr kameralarla təchiz olunub və digər hazırlıq işləri görülüb. Seçicilərin barmaqlarına gec pozulan maye vurulması, kamera quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır. Hazırda vətəndaşların özündə seçki qanununu pozmaq qorxusu yaranıb. Artıq insanlar vəzifə borclarını dərk edir, məsuliyyətli olmağa çalışır.

Hazırda növbədənkənar parlament seçkilərinə namizədliyin irəli sürülməsi, qeydə alınması, seçicilərlə görüşün təmin olunması prosesin şəffaf keçirilməsinə hər cür şəraitin yaradılmasından xəbər verir. Apardığımız araşdırmalar nəticəsində bu günə qədər prosesdə ciddi qanun pozuntusu qeydə alınmayıb. Bəzi namizədlər arasında hüquqlarını bilməməzlikdən kiçik qanun pozuntuları olub. Bu da bütün dünyada müşahidə olunur. Lakin bunun özü də arzuolunmazdır".

R. Quliyev deyib ki, Azərbaycanda seçkiyə hazırlıq bütün hallarda tam qanuni həyata keçirilib: "Araşdırmalarımız zamanı maraqlı nüanslar əldə edilib. Parlament seçkilərində 19 siyasi partiya, 1 ittifaq və 2 blok tərəfindən 2431 nəfər dairə seçki komissiyalarına müraciət edib. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 312 nəfər geri götürüb. Yeni Azərbaycan Partiyasının, demək olar ki, bütün dairələrdən namizədləri var.

İştirak edən namizədlərin yaş bölgüsünə baxanda da, bu seçkiyə marağın artdığını demək olar. Məsələn, bu dəfəki seçkidə 18-28 yaş arasında 82 namizəd, 29-39 yaş arasında 407 namizəd, 40-45 yaş arasında 542, 56-66 yaş arasında 251, 67 yaşdan yuxarı isə 43 nəfər namizəd iştirak edir.

1998-ci ildə anadan olan 8 nəfər deputatlığa namizədin olması gənclərin seçkiyə inamının artmasının göstəricisidir.

Həmçinin seçkidə 1938-ci il təvəllüdlü 2 nəfər də namizədliyini verib.

Cəmiyyətdə seçkiyə inam var, maraq yüksəkdir. Bu il namizədlərin 22,58 faizi qadındır. 299 nəfər qadın seçkilərə namizəd kimi qatılıb və bu, rekord saydır. Qadınlar da özünə inanır, seçkidə qalib gələcəyinə arxayındırlar".

Mərkəz rəhbəri qeyd edib ki, parlament seçkilərində iştirak etmək istəyənlərin əksəriyyəti ziyalı təbəqədir: "Jurnalistlər bu dəfə daha aktivdir. Onların seçkidə aktiv iştirakı ziyalı təbəqənin bu işdə maraqlı olduğunu göstərir".

R. Quliyevin sözlərinə əsasən, seçkilərin şəffaf keçirilməsinə əsas səbəb 2005-2020-ci illərdə Azərbaycanda stabil dövlət quruculuğunun həyata keçirilməsi və bu stabilliyin qorunub saxlanmasıdır: "Ölkədə sabit inkişaf prosesi insanların həyat səviyyəsinə həm mənəvi, həm psixoloji təsir edib.

Parlament seçkiləri bələdiyyə seçkilərindən dərhal sonra keçirildiyindən bütün dairələr seçkiyə hazırdır. Seçki hazırlığı müasir standartlara uyğundur. Seçkidə iştirak edənlər, xüsusən də, müxalifət namizədləri etiraf edirlər ki, seçkiyə hazırlıq yüksək səviyyədədir, heç bir namizədə maneə yaradılmayıb".