• 27 Oktyabr 2020
logo
İlqar Vəlizadə: Sahibkarlar sosial infrastrukturun inkişafına daha fəal töhfə verməlidirlər

İlqar Vəlizadə: Sahibkarlar sosial infrastrukturun inkişafına daha fəal töhfə verməlidirlər

Azərbaycanda sahibkarlığın inkişafı üçün zəruri şərait mövcuddur.

Bunu Trend-ə “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu gün qarşıda sahibkarlıq fəaliyyətinin aktivləşdirilməsi, bu sahələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün şəraitin yaradılması tapşırığı dayanır.

İ.Vəlizadə qeyd edib ki, söhbət ilk növbədə iqtisadiyyatın real sektorundan və istehsal sahələrinin inkişafına diqqətin ayrılmasından gedir:

“Bu gün müxtəlif regionlara xas olan fəaliyyət sahələrinin inkişafına diqqət ayrılır. Bu, turizm, yüngül sənaye, restoran biznesi və ya xidmətlə bağlı digər fəaliyyət sahəsidir. Bütün bu sahələr regionların sosial-iqtisadi inkişafının prioritetlərini təşkil edir. İlk növbədə, bu sahələrdə çoxlu insan məşğuldur. İkincisi də, sahibkarların fəallığı bu gün məhz bu sahələrdə müşahidə olunur”.

Ekspert əlavə edib ki, sahibkarlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı əsas tapşırıqların həllində dövlətin tərəfdaşları qismində çıxış etməlidir:

“Bu hallarda dövlət-özəl sektor tərəfdaşlığından danışmaq lazımdır. Bu, inkişafı zəruri olan istiqamətdir. Dövlət-özəl sektor tərəfdaşlığı problemləri daha səmərəli həll etməyə imkan verir. Belə olan təqdirdə, dövlət bu məsələlərin həlli ilə bağlı məsuliyyəti sahibkarla bölüşür. Beləliklə, sahibkarların sosial fəallığı artır, bu da öz növbəsində təkcə mənfəət barədə yox, həm də bu və ya digər sahibkarın sosial infrastrukturun inkişafına, istehsalat sahəsi ətrafındakı yaşayış sahələrinin rifahına töhfəsi barədə danışmağa imkan verir”.