• 25 Oktyabr 2020
logo
Azərbaycan Mətbuat Şurası medianın 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparır

Azərbaycan Mətbuat Şurası medianın 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparır

Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparır. Monitorinqdə məqsəd ölkənin aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünüişıqlandırmasındakı nəzərəçarpan peşəkarlıq meyllərini müəyyənləşdirməkdən və bununla əlaqədar cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materiallarına, “qara piar” hallarına diqqət yetirilib.
Monitorinq 3 mərhələdə keçirilir.
1. Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövr – 5 dekabr 2019-16 yanvar 2020;
2. Təbliğat-təşviqat kampaniyası dövrü 17 yanvar – 7 fevral 2020;
3. 9 fevral parlament seçkisinin işıqlandırılması. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi – 9 fevral 2020.
20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, namizədlərin təbliğat-təşviqat işlərini aparmaları üçünmeydan kifayət qədər genişdir. Hər bir namizəd bu və ya digər kütləvi informasiya vasitəsində sərbəst şəkildə öz platformasını açıqlamaq imkanına malikdir. Mövcud şərait medianın seçki prosesinə həssas yanaşmasını təsdiqləyən mühüm göstəricidir.
Əvvəlki seçki illəri ilə müqayisədə medianın 9 fevral parlament seçkisi ilə əlaqədar fəaliyyəti daha aktivdir. Bunu həm materialların çoxluğundan, həm mövzuya yanaşmadakı forma və üsullardan görmək mümkündür. Ümumən materialların təqdimatında peşəkar yanaşma müşahidə edilir. Eyni zamanda qeyri-peşəkarlıq, qərəz nümayişi də nəzərə çarpmaqdadır.
Qəzetlərlə elektron informasiya resurslarının seçki materiallarının müqayisəsi onu göstərir ki, ikincilər birincilərdən nəzərəçarpacaq dərəcədə üstündürlər. İnternet media vasitələri seçki məsələlərinə daha çox yer ayırırlar.
1.Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövrdə monitorinqi aparılmış KİV-lərdəki seçki ilə bağlı materiallar onların ümumən yayımladıqları materialların təqribən 30 faizini təşkil edib.
Göstərilən müddətdə internet informasiya resursları qəzetlərə nisbətən seçki mövzusuna daha rəngarəng yanaşma tərzi nümayiş etdiriblər. Lakin bu dövrdə rəsmi məlumatlara istinad faizi baxımından qəzetlər üstün olub. Onların yayımladıqları materialların təqribən 75-80 faizi rəsmi məlumatlardır. Bura əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) xəbərləri daxildir.
İnternet informasiya resurslarının materiallarında da MSK-ya istinad nəzərə çarpsa da, onlar müxtəlif sosial şəbəkələrdə yayımlanmış xəbərlərə də geniş yer veriblər. Bu baxımdan namizədliyini irəli sürmüş şəxslərin facebook sosial şəbəkəsindəki qarşılıqlı ittihamlarının işıqlandırılması faktları diqqət çəkir. İnternet media orqanlarında habelə hansısa namizəd barədə facebook sosial şəbəkəsi vasitəsilə dövriyyəyə buraxılmış fikirlərin “qara piar” kimi istifadəsinə də rast gəlinməkdədir. “Qara piar” halları əvvəlki seçki illəri ilə müqayisədə artıb. Bu, medianın ümumi seçki fəallığının fəsadı kimi qiymətləndirilə bilər.
Monitorinqi aparılmış kütləvi informasiya vasitələrində peşə prinsiplərinin pozulmasının konkret təmayüllərinə gəlincə, burada daha çox işgüzar nüfuza xələl gətirmə halları diqqət çəkməkdədir. Bu hallar ümumi pozuntuların 50 faizdən çoxunu təşkil edib.
2. Təbliğat-təşviqat kampaniyasına rəsmən start verildiyi 17 yanvar tarixindən 30 yanvar tarixinədək yayımlanmış materiallar say baxımdan əvvəlki mərhələdəki media materiallarını xeyli üstələməkdədir. Əgər Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək KİV-lərdə seçki ilə bağlı yayımlanmış materiallar ümumu materialların 30 faizini təşkil edirdisə, təbliğat kampaniyasının başlandığı ötən ayın 13 günü ərzində bu rəqəm 70 faizə yaxınlaşıb. Müvafiq olaraq işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin aşağılanması ilə müşaiyət olunan “qara piar” faktlarının da sayı artıb. Pozitiv məqam bundan ibarətdir ki, KİV-lər ayrı-ayrı namizdələrin sosial şəbəkələrdə yaydıqları təbliğat materiallarına da geniş yer veriblər.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinin işıqlandırması ilə bağlı yekun hesabat da hazırlayacaq. Hesabata təbliğat-təşviqat mərhələsinin fevral ayına təsüdüf edən günlərinin icmalı ilə yanaşı, seçki günü medianın prosesdə iştirakı vəziyyətini öyrənmək üçün MŞ-də təşkil olunacaq “qaynar xətt”ə daxil olan müraciətlər, habelə Şuranın İdarə Heyəti üzvlərinin müxtəlif dairələrdəki müşahidələrinə dair rəylər də əksini tapacaq.