• 21 Oktyabr 2020
logo
Moskva və Vaşinqton etibarlı tərəfdaşı kimi önəmli görüşlər üçün məhz Bakını seçirlər - Politoloq

Moskva və Vaşinqton etibarlı tərəfdaşı kimi önəmli görüşlər üçün məhz Bakını seçirlər - Politoloq

Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uolters arasında fevralın 6-7-də görüş keçiriləcək. Bu, iki güc qütbü arasında Bakıda baş tutan ilk görüş olmayacaq. Belə ki, bundan öncə Valeri Gerasimovla Tod Uolters arasında Bakıda 2019-cu il iyulun 10-da görüş olub.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, görüş əsnasında tərəflər arasında Avropa və qlobal təhlükəsizliyin vəziyyəti, Rusiya - NATO təmas xəttində mümkün münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib:

“İki güc qütbü - Moskva və Vaşinqton Azərbaycanı etibarlı tərəfdaşı kimi gördüyündən bu cür önəmli görüşlər üçün məhz Bakını seçirlər. ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin bir sıra mühüm səbəbləri var. Bu, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunması istiqamətində tərəfdaş kimi çıxış etməsi və bu müstəvidə davamlı olaraq mühüm mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanması, etibarlı tərəfdaş olması və şübhəsiz ki, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilləri ilə bağlıdır”.

Politoloq vurğulayıb ki, bu gün artıq heç kim nə üçün Bakının görüş yeri olduğunu soruşmur: “Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün mürəkkəb mərhələlər dövrünü geridə qoyub. Bu gün Bakı nəinki regional, eyni zamanda dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. Azərbaycanın paytaxtı mövcud olan bütün kriteriyalara görə dünyanın iki nəhəng güc qütbünün hərbi rəhbərlərinin bir araya gəlməsi və dünyada mövcud olan problemlərin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib.

Bu cür mühüm görüşlər isə nəinki NATO üzvü olan ölkələr və Rusiya üçün, eyni zamanda bütövlükdə dünya üçün önəmli siyasi əhəmiyyətə malikdir. Çünki bu görüşdə müzakirə olunan mövzular bütövlükdə bəşəriyyəti narahat edən məsələlərdir”.

Ş.Həsənovanın sözlərinə əsasən, Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin qorunmasında zəngin təcrübəsi vardır:

“Belə ki, ölkəmiz uzun illərdir ki, terrorizmlə mübarizə və münaqişə ocaqlarında sabitliyin bərpası istiqamətində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edir. Buna nümunə olaraq, Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirakını göstərmək olar. Bunun müqabilində NATO dəfələrlə Azərbaycana dünyada sülhə və təhlükəsizliyə verdiyi töhvələrə, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirib.

2017-ci ilin noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Ölkə başçısının dəvət əsasında belə mötəbər iclasda iştirakı NATO-nun Azərbaycana etibarlı tərəfdaş kimi dəyər verməsinin bariz nümunəsidir. Bundan əlavə Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabiti" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsi və missiyada iştirak etməsi ölkəmizin dünyada sülhün qorunması istiqamətində fəaliyyətinin bir parçasıdır”.